Komitə sədri Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər naziri ilə görüşüb – FOTOLARbackend

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində 21 aprel 2022-ci il tarixində Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Dərya Yanık ilə görüş keçirilib.

İctimai.az xəbər verir ki, Dövlət Komitəsi əməkdaşlarının və Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun iştirakı ilə keçirilən görüşdə ölkələr və qurumlar arasında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb və ikitərəfli əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

Qonaqları salamlamaqdan məmnun olduğunu qeyd edən Dərya Yanık ölkələr arasında münasibətlərin mütəffiqlik səviyyəsində uğurla davam etdiyini bildirib. O, müvafiq qurumlar arasında ən üst səviyyədə əməkdaşlığın gücləndirilməsində maraqlı olduqlarını deyib.

Ailə və Sosial Xidmətlər Nazirliyinin fəaliyyəti haqqında məlumatları diqqətə çatdıran Dərya Yanık bildirib ki, ailə, qadın və uşaq məsələləri istiqamətində Komitə ilə birgə layihələrin həyata keçirilməsinə, yeni təşəbbüslərə daim hazırdırlar.Sosial xidmət üzrə ehtiyacların müəyyən edilməsi, yaşlılara və sağlamlıq imkanları məhdud insanlara edilən yardımları qeyd edən nazir, şəhid və qazi ailələrinə edilən dəstək istiqamətində də Türkiyə təcrübəsini bölüşüb.

Komitə sədri B. Muradova dəvətə görə təşəkkürünü bildirərək qeyd edib ki, tarixi köklərə və qardaşlığa hər zaman önəm verən, həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticari, humanitar, hərbi və digər sahələrdə uğurla inkişaf etməkdədir. Hər iki dövlətin parlamentlərində fəaliyyət göstərən geniştərkibli dostluq qrupları, ölkələrin parlamentlərininin beynəlxalq təşkilatlarda qarşılıqlı əməkdaşlığı bizi qürurlandırır. Azərbaycan və Türkiyə xalqları, Parlamentlər, Prezidentlərarası münasibətlər ölkələrarası əlaqələrin möhkəm zəmanətidir. Əlaqələrin yüksək səviyyəsi regionun tərəqqisinə, sabitliyinə mühüm töhfələr verir.

O, vurğulayıb ki, tarixin müxtəlif mərhələlərində Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olması, siyasətlərini dəstəkləməsi bizim əlaqələrimizin nə qədər güclü olmasından xəbər verir: “Bu gün Vətən müharibəsində qələbə qazanmış ölkə kimi bu görüşdə iştirak etmək bizi qürurlandırır. Torpaqlarımızın işğaldan azad olunması uğrunda haqlı mübarizəmizdə biz Türkiyənin mənəvi və siyasi dəstəyini hər zaman hiss etmişik.”

Xüsusilə də vurğulamaq lazımdır ki, 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalanmışdır. Şuşa Bəyannaməsi hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. B. Muradova Bəyannaməyə əsasən, yeni əməkdaşlıq memorandumunun imzalanması və layihəsinin hazırlanması təklifi ilə çıxış etmişdir.

Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin fəaliyyətinin effektivliyinə diqqət çəkən komitə sədri qeyd edib ki, 2011-ci ildə nazirlik ilə komitə arasında ailə, qadın və uşaq məsələləri sahəsində Əməkdaşlıq Protokolu imzalanmışdır. Ötən müddət ərzində protokola uyğun olaraq, bir sıra vacib tədbirlər həyata keçirilmiş, uğurlu layihələr icra edilmişdir. Bu istiqamətdə birgə işlərimiz davam etdiriləcəkdir.