Komitə sədrindən UNESCO, İSESCO və bütün beynəlxalq təşkilatlara Məmər məscidi ilə bağlı çağırışbackend

Müzəffər Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan xilaskarlıq hərəkatını (əks-hücumunu) davam etdirir. Ayyarıma yaxındır tarixi ədaləti bərpa etməkçün fədakarlıq edən hərbçilərimiz öz missiya və mandatlarına uyğun olaraq, yaşayış məntəqələrimizi, strateji yüksəklikləri, bir sözlə, ərazilərimizi işğalçıların tapdağından azad edir. Azad edilmiş ərazilərimizdən yayılan rəsmi xarakterli videomateriallarda nələri görürük? – Dağıdılmış evlər, viran edilmiş sərvətlər, talanmış nemətlər və barbarca, ermənicə istifadə edilən, vandallığa mərzuq almış tarixi-mədəni abidələr… Bilirsiz, Ermənistandan öncələr, tarix boyu dəfələrlə hansısa dövlət hansısa başqa dövlətin ərazisini tutub, işğalda saxlayıb lakin heç bir dövlət, heç bir xalq və ordu, Ermənistanın etdiyi mühraibə cinayətlərini və insanlıq suçlarını öz ləyaqətinə sığışdırmayıb. Ermənistan çox pis ənənələr yaradıb ancaq ümid edirəm, inanıram ki, daha heç bir xalq, dövlət, ordu o “ənənələr”ə müraciət etməyəcək, yararlanmayacaq, o “ənənələr”i tətbiq etməyəcək… Heç Ermənistanın özü də daha o “ənənələr”dən istifadə edə bilməyəcək – sadə bir səbəblə: onun elə imkanı olmayacaq.
Ermənistan dövlətinin öz silahlı qüvvələri vasitəsi ilə və arxalandıqları xarici havadarlarının hərtərəfli dəstəyi ilə 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış ərazisində ən çox vandallığa məruz qalmış sahələr sırasında məscidlər, dini tapınaqlar, qəbirstanlıqlar, tarixi-mədəni abidələr ön sırada gəlir. İşğal illəri ərzində Ermənistanın hərbi-siyasi cinayətləri, dövlət səviyyəli təcavüzkarlıq siyasəti nəticəsində, dünya, respublika və yerli əhəmiyyətli onlarla tarixi-mədəni abidə ya erməniləşdirilib, özgələşdirilib yaxud vandalcasına (ermənicəsinə) dağıdılıb. Xalqımıza məxsus daşınmaz tarixi- mədəni abidələr ya dağıdılıb, ya mənimsənilib – tarixi, mədəni (ənənəli) təyinatına uyğun olmayan forma və məzmunda istifadə olunaraq, tam vandalizm aktlarına uğrayıb.
Qeyd etdiyimiz kimi, Ermənistanın dövlət səviyyəli vandallığına ən çox uğrayan daşınmaz mədəni irs örnəkləri İslam dini abidələri olan məscidlərimiz, türbələr və digər inanc yerlərimiz olub. Yazmaq, demək belə çox ağrıdıcı və çox ağırdı: işğalçı ölkə məscidlərimizdə donuzlar və digər ev heyvanları saxlayıb, bununla xalqımıza, milli-mənəvi dəyərlərimiz, ümumən İslam ümmətinə, bəşəri dəyərlərə qarşı öz dözümsüzlüklərini, nifrətlərini təsbit və təsdiq edib. Sivilizasiyalar və mədəniyyətlərarası dialoqda örnəklər yaratmış bir xalq, dövlətə, mədəni irsə qarşı belə münasibətsizlik, eynigüclə, bəşəri irsə qarşı ciddi təhdiddir. Kim zəmanət verə bilər ki işğal altında saxlanmış ərazilər başqa xalqa, ölkəyə mənsub olsaydı, yenə eyni barbarlığa, erməni vandallığına uğramayacaqdı? – Ona görə, bu qeyd olunanlar yalnız Azərbaycanın, azərbaycanlıların başına gətirilmiş barbarlıq, vandallıq kimi deyil, məhz bəşəri dəyərlərə qarşı yönəlmiş dağıdıcılıq aktı kimi qəbul edilməli, məhz dünyavi miqyasda reaksiya ilə qarşılanmalıdır. Ən azı, İslam dininə mənsub ölkələr, xalqlar Allah Evi kimi ifadə olunan məscidlərə donuz, digər ev heyvanları doldurulması, bəslənməsi faktlarına qarşı səssiz qalmamalıdır.
Bugünlərdə müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş Qubadlı rayonunun Məmər kəndində yerləşən, 4713 saylı inventar olaraq memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmış, XVIII yüzilə aid məscid və ona aid tikili heyvanların saxlanıldığı yer (tövlə) kimi istifadə olunub. Bu hal Ermənistan Respublikasının başqa dinlərə, ermənilərə aid olmayan mədəni dəyərlərə münasibətini (daha doğrusu, münasibətsizliyini), həqiqi simasını göstərir.
Özü də belə faktla yalnız bir dəfə rastlanmış olsaydı, bəlkə təsadüf yaxud özfəaliyyət sanmaq olardı, lakin işğal altındakı ayrı-ayrı rayonlarda, ayrı-ayrı vaxtlarda aparılmış video, foto çəkilişlərdə gördüyümüz “mənzərə”lər burada təsadüf yox, məhz məqsədyönlü siyasət yürdüldüyündən xəbər verir.
Özəlliklə onu vurğulamalıyıq ki, 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya”ya əsasən, işğalçı dövlət mədəni sərvətlərin dağılmasına, talan edilməsinə, qeyri-qanuni mənimsənilməsi hərəkətlərinə yol verməməli, bu sərvətlərə qarşı yönəlmiş düşmənçilik hərəkətlərindən çəkinməlidir.
Yuxarıda da qeyd etdiyimiz kimi, belə vandalizm aktları, ilk növbədə Azərbaycan mədəni-mənəvi irsinə, dəyərlərinə qarşı yönəlmiş olsa da, ümumilikdə dünya mədəni irsinə vandal münasibətdir və uyğunprofilli beynəlxalq qurum-quruluşlar, bütün tərəqqipərvər bəşəriyyət tərəfindən kəskin şəkildə qınanmalı, öz layiqli qiymətini – o cümlədən hüquqi qiymətini almalıdır.
Mən şəxsim və Milli Məclisin Mədəniyyət komitəsi üzvləri adından İSESCO-nu, UNESCO-nu bu və bənzəri hallara rəsmi münasibət bildirməyə çağırırarm. Hesab edirəm, Ermənistan dövlətindən tələb edilməlidir ki, belə vandallıqlara yol verdiyinə görə üzr istəsin, konkret məsuliyyət daşıyanların siyahısını hazırlasın, onların istintiqa cəlb edilməsini təmin etsin. Bu, gələcəkdə bənzəri cinayətlərə yol vermək istəyən başqaları üçün bir çəkindirici faktor rolu oynayardı.
Sözümün sonunda bir daha birgəyaşayışa, mehriban qonşuluğa, ədalətli sülhə, beynəlxalq hüquq normalarına sayğı duyan bütün sivil insanları, tərəqqipərvər dünya birliyini, dövlətləri, xalqları Ermənistan Respublikasının bəşəri dəyərlərə qarşı (danılmaz, faktlarla sübuta yetirilmiş) qeyri-insani əməllərini pisləməyə çağırırıq.
Qənirə PAŞAYEVA
Milli Məclisin Mədəniyyət komitəsinin sədri

İctimai.az