Konqo Demokratik Respublikasında (KDR) oktyabrın 24-dən bəri 400-dən çox insan naməlum xəstəliyə yoluxub, onlardan 30-dan çoxu sağ qalmayıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Təşkilatın məlumatına görə, oktyabrın 24-dən dekabrın 5-dək Panzi sağlamlıq zonasında (Kvanqo əyaləti) 406 naməlum xəstəlik halı qeydə alınıb. Əsas simptomlara atəş, baş ağrısı, burun axması, öskürək və bədən ağrıları daxildir. Ağır hallarda əhəmiyyətli tükənmə müşahidə olunur.
Ən çox yoluxma halları, əsasən, beş yaşına qədər olan uşaqlardır. Panzinin ucqar kənd ərazisinə giriş davam edən yağışlı mövsüm səbəbindən çətindir və Kinşasadan səyahət təxminən 48 saat çəkir.
ÜST rəsmiləri qeyd ediblər ki, bu çətinliklər, eləcə də ölkədə diaqnostika imkanlarının məhdud olması xəstəliyin əsas səbəbinin müəyyənləşdirilməsini ləngidir. Hazırda Panzidə tibbi operativ reaksiya qrupları laboratoriya tədqiqatları üçün biomaterial nümunələri toplayır, xəstəliyin ötürülməsi dinamikasını öyrənir və xəstələrə yardım göstərir.















