Körpü qəzalı vəziyyətə düşdü, işıqforun işi dayandırıldı

Sumqayıt şəhəri ilə Saray qəsəbəsini birləşdirən körpü ilə bağlı yaxın zamanlarda rəy veriləcək.

Bu məlumatı Oxu.Az-ın körpünün təhlükəli vəziyyəti ilə bağlı sorğusuna cavab olaraq, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev verib.

“Rəy üçün aidiyyəti qurumlara müraciət olunub. Müvafiq rəy verildikdən sonra zəruri tədbirlər görüləcək”, – deyə E.Qocayev qeyd edib.

Körpünün yaxınlığındakı işıqforun işləməməsi ilə bağlı isə Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) sorğu ünvanladıq.

İdarənin rəsmisi, polis polkovnik-leytenantıMübariz Ağayev Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

O qeyd edib ki, Sumqayıt şəhəri Məhəmməd Əsədov küçəsində Sumqayıt şəhəri ilə Saray bağlarını əlaqələndirən körpü qəzalı vəziyyətdə olduğu üçün aidiyyəti qurumlar tərəfindən ötürücü qurğuya baxış keçirilib.

“Körpüdə quraşdırılmış işıqforun hərəkəti qadağan edən fazasında nəqliyyatın körpü üzərində məcburi dayanmasının ötürücü qurğunun daha çox yüklənməsinə səbəb olduğunu nəzərə alaraq, işıqfor obyektinin müvəqqəti olaraq sarı yanıb-sönən işıq rejiminə keçirilməsi ilə bağlı qərar qəbul edilib. Sözügedən mühəndis qurğusunda aparılacaq təmir-bərpa işlərindən sonra işıqforun fəaliyyəti adi iş rejiminə qaytarılacaq”.

Məsələ ilə bağlı həm də Fövqəladə Hallar Nazirliyinə (FHN) sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətindən bildirildi ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin müraciəti əsasında qeyd olunan körpüyə baxış keçirilərək texniki müayinə aparılıb.

 

Oxşar xəbərlər