Korrupsiyaya qarşı mübarizədə Rəqabət Məcəlləsinin roluna dair tədbir keçirilibbackend

Ölkəmizdə korrupsiyaya qarşı ardıcıl mübarizə aparılır, hüquqi və təşkilati mexanizmlər yaradılır, yeni normativ hüquqi aktlar qəbul olunur, qanunvericilik təkmilləşdirilir. Son dövrlərdə qəbul olunmuş AR Rəqabət Məcəlləsi bu istiqamətdə vacib qanunlardan biridir.

Məcəllənin müddəalarının sahibkarlar, məmurlar, ziyalılar arasında izahı korrupsiya hallarının azaldılmasına kömək edəcək vasitələrdən biridir.
Bu məqsədlə “Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyi tərəfindən AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Koorupsiyaya qarşı mübarizədə Rəqabət Məcəlləsinin rolu” adlı layihə çərçivəsində Salyan şəhərində tədbir həyata keçirilmişdir.
25 nəfərdən çox sahibkarın, dövlət qulluqçusunun, ziyalıların iştirak etdiyi tədbirdə dövlətin apardığı antiinhisar və antikorrupsiya siyasətyinin  mahiyyəti, Rəqabət Məcəlləsinin məzmunu, mahiyyəti, tətbiqi mexanizmi izah edilmişdir. İnhisarçılığın aradan qaldırılmasında sahibkarların dövlət orqanları, QHT-lər və Media ilə əlaqə və əməkdaşlığı qaydaları izah edilmişdir.
Tədbiri açan Salyan rayonunun İcra hakimiyyəti başçısının iqtisadi məsələlər üzrə müavini Təranə İsmayılova ölkəmizdə iqtisadi inkişafa nail olunmasında bazar münasibətlərinin rolundan, ədalətli rəqabətin təmin edilməsindən və korrupsiyaya qarşı aparılan mübarizədən danışmış, Salyan rayonunda bu sahədə görülən işlər haqqında məlumat vermişdir.
“Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin nümayəndəsi, layihənin eksperti, hüquqşünas Aydın Kərimov ictimai birliyin fəaliyyəti haqqında məlumat vermiş, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə həyata keçirən layihənin mahiyyətini izah etmişdir.
Sonra A.Kərimov bu ilin ölkəmizdə “Konstitusiya və Süverenlik ili” kimi qeyd edildiyini vurğulamış, interaktiv qaydada korrupsiyaya qarşı mübarizədə Rəqabət Məcəlləsinin rolu haqqında izahat vermişdir. O, göstərmişdir ki, korrupsiya insanların ədalətə olan inamını sarsıdır, iqtisadiyyata ağır zərbə vurur, ədalətli bazar münasibətlərini sarsıdır, insan hüquqlarını pozur. Buna qarşı mübarizədə bir çox forma və metodlardan istifadə edilir ki, bunlardan biri də qanunvericiliyin təkmilləşdirilməsidir. Bu sahədə ədalətli rəqabət mühitinin yaradılması iqtisadiyyatda və idarəetmədə korrupsiya hallarının azaldılması üçün vacib şərtdir. O, “Korrupsiyaya qarşı mübarizə haqqında” AR qanununun və AR Rəqabət Məcəlləsinin mahiyyətini izah etmiş, Konstitusiyada təsbit edilən insan və vətəndaş hüquq və azadlıqların təmin edilməsində bu qanunların mahiyyətini şərh etmişdir.
KOBİA-nın nümayəndəsi, Salyan-Neftçala üzrə KOB Dostu  Anar Əhmədov sahibkarlığın inkişafında KOBİA-nın rolu haqqında məlumat vermiş, azad, ədalətli rəqabət mühitinin formalaşmasının sahibkarlığın inkişafında və korrupsiyaya qarşı mübarizədə vacib amil olduğunu göstərmişdir.
“Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin üzvü hüquqşünas Rauf Hümbətov AR Cinayət Məcəlləsinin “İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma” adlı 199-cu maddəsinin məzmunu və tətbiqi qaydalarını iştirakçılara izah etmiş, göstərmişdir ki, ədalətli rəqabət mühitini məhdudlaşdırmaq, ağır cinayət kimi tövsif olunur.
Rayonun sahibkarları, iş adamları, məmurlar, QHT nümayəndələri bu cür maarifləndirmə tədbirlərinin faydalı olduğunu qeyd etmiş, sorğuları cavablandırmışlar. İştirakçılara normativ hüquqi aktların  nümunələri paylanmışdır.