Laçın rayonu 1930-cu ildə inzibati-ərazi vahidi statusu alıbbackend

Laçın 1923-cü ildən şəhər statusu alıb və 1926-cı ildən Laçın adlandırılı. 1930-cu ildə inzibati rayon təşkil edilərkən Laçın şəhəri 125 kənddən ibarət olan Laçın rayonunun mərkəzinə çevrildi. Respublikamızın cənub-qərbində yerləşən, relyefi dağlar və dağlıq yaylalardan ibarət olan Laçın Kiçik Qafqaz sıra dağlarının ən böyük silsiləsi olan Qarabağ yaylasının yüksəkliyində, Böyük Kirs, Kiçik Kirs, Sarı baba zirvələri ilə bir sırada yerləşir.

Laçında həmçinin bir çox mədəni abidələr arasında “Ağoğlan” məbədinin (V əsr), Məlik Əjdər (XIV əsr), Soltanbaba (XIX əsr) və Şeyx Əhməd türbələrinin (XIX əsr), Xəlifə (Malxələf kəndi), Ağa Baba (Seyidlər kəndi) və Əli bulağı (Aşağı Fərəcan kəndi) pirlərinin, həmçinin  X əsrə aid körpülərin, dəmir və tunc dövrlərinə aid kurqanların (Cicimli kəndi), daş qoyun və daş at fiqurlarının adını çəkmək olar.

İşğalin fəsadları

1992-ci il mayın 18-də erməni qəsbkarları tərəfindən işğal olunandan sonra rayon əhalisi məcburi köçkün kimi respublikamızın 64 şəhər və rayonunda məskunlaşmışdır. İşğal zamanı yüzlərlə günahsız insan şəhid edilmiş, yaralanmış, 1200-dən artıq körpə yetim qalmış, rayonun bir çox tarixi-dini abidəsi düşmən tərəfindən vandalizm aktına məruz qalmışdır. Xüsusilə rayonun təbii ehtiyatları ermənilər tərəfindən talan olunmuşdur. Burada illərlə formalaşmış infrastruktur, o cümlədən əhalinin əsas məşğulluq sahəsi olan kənd təsərrüfatı dağıdılmış, rayonun zəngin meşə fondu məhv edilmişdir.

Laçının işğaldan əvvəl 72 min hektar yaylaq və 34 min hektar zəngin meşə sahəsi var idi. Qışı quraq keçən, mülayim isti və soyuq iqlimi olan Laçında örüş-otlaq və biçənək sahələrinin geniş və əhalinin maldarlıq sahəsində zəngin təcrübəsi olduğu üçün  daha çox heyvandarlıq inkişaf etmişdi. 1988-ci ildə rayonda iribuynuzlu heyvanların sayı 45000 olmuşdur. Xırdabuynuzlu heyvanlar üzrə isə bu rəqəm 22000 idi. Rayonda  mövcud olan otlaqlar respublikanın otlaq sahələrinin təqribən 3,1 faizini təşkil edirdi. İqliminin və bol sulu çaylarının verdiyi imkanlar hesabına rayon sakinləri həm birillik, həm də çoxillik əkinləri rahat becərə bilirdilər. Müqayisə üçün qeyd edək ki, işğaldan əvvəlki dövr ərzində rayon üzrə taxıl istehsalı ümumrespublika istehsalının təzminən 0,2 faizini təşkil edirdi. Torpaq, iqlim, su resursları, eləcə də tarixən mövcud olan bitkiçilik ənənəsi  rayonda meyvəçilik və tərəvəzçilik sahəsində də yüksək istehsal potensialı vəd edir.

Rəsmi İrəvanın hərbi cinayətləri

Azərbaycan Respublikası humanizm prinsipləri çərçivəsindən çıxış edərək Azərbaycan torpaqlarını tərk etmələri üçün ermənilərə vaxt tanısa da, onlar bu fürsəti hərbi cinayət işləmək istiqamətində dəyərləndirdilər. Eyni zamanda onlar Azərbaycan ərazisini tərk edərkən maddi-mədəni irsimizə də vandalizm aktları törədərək tarixi abidələri məhv etməklə yanaşı ekologiyaya da qarşı böyük zərər vurmuşlar. Nəticədə minalanmış ərazi daha da genişlənib və bu vəziyyət minatəmizləmə prosesini daha da çətinləşdirib. Ermənistan tərəfinin xəritələri Azərbaycana təqdim etməməsi, ərazinin dağlıq, bəzi yerlərin isə sərt iqlim şəraitinə malik olması mina və partlamamış hərbi sursatın basdırıldığı ərazilərdə axtarış prosesini çətinləşdirir. Bütün bunlar Ermənistan tərəfinin beynəlxalq hüquq normalarına və konvensiyalara zidd fəaliyyətinin bariz göstəricisidir. İşğaldan azad edilmiş ərazilərə gedən mülki şəxslərin həyatı təhlükə qarşısındadır. Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsini, beləliklə dinc əhalinin minalara düşərək həyatlarını itirməsinə səbəb olmaları isə hərbi cinayət kimi qiymətləndirilməlidiir.

Azərbaycanın dilbər guşələrindən biri olan Laçın qəhrəman Ordumuza rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində 01 dekabr 2020-ci il tarixində düşmən işğalından azad olmuşdur.

Bu gün Laçın da daxil olmaqla Erməni barbarlığının qurbanı olan qədim Azərbaycan məskənlərinə yenidən nəfəs vermək, canlandırmaq üçün “Böyük Qayıdış” proqramı əsasında tədbirlər görülür, cənab Prezidentin vurğuladığı kimi, sanki bir vəhşi qəbilə keçən şəhərlərimizi birləşdirən, qovuşduran yollar çəkilir. Xarabalığa çevirilən dini, tarixi, mədəni irsimizi bərpa etmək üçün tədbirlər planı hazırlanır, inzibati binaların, təhsil müəssisələrinin, tibb ocaqlarının tikilməsi və infrastrukturun yaradılması, küçələr, parklar və xiyabanların salınması həyta keçirilir.

Nurlan Məmmədov

Bakı Slavyan Universitetinin müəllimi