“İƏT Həftəsi” çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumunun açılış mərasimi baş tutub.
Tədbirdə dövlət qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri ilə yanaşı, Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri və QHT nümayəndələri də iştirak ediblər.
Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ilk dəfə olaraq “İƏT Həftəsi”nin və Qadınlar Forumunun Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda təşkil edilməsini tarixi hadisə adlandırıb.
Açılış mərasimində iştirak edən təşkilatlar arasında “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyi də yer alıb. Təşkilatı tədbirdə təşkilatın sədri Gülnarə Pənahova təmsil edib. Onun iştirakı QHT-lərin qadınların sosial-iqtisadi həyatda rolunun artırılması, inklüzivliyin təşviqi və vətəndaş cəmiyyətinin regional əməkdaşlıq proseslərində daha fəal iştirakının vacibliyini vurğulayıb.