Noyabrın 2-də Latviya Seymi yekun oxunuşda “Yol hərəkəti haqqında” qanuna Rusiyada qeydiyyatda olan avtomobillərin Latviyada olmasını qadağan edən düzəlişləri qəbul edib. Bu barədə Latviyanın “Delfi” nəşri məlumat yayıb.
Qanunda nəzərdə tutulub ki, 2024-cü il fevralın 14-dək Rusiyada qeydiyyatda olan avtomobillərin sahibləri onları Latviyada yenidən qeydiyyatdan keçirməli və ya ölkədən kənara aparmalıdırlar. Bu tarixdən sonra Rusiya dövlət nömrə nişanlı avtomobillərin Latviyada yol hərəkətində iştirakı yalnız tranzitlə mümkün olacaq. Latviya ərazisindən yalnız bir dəfə tranzit keçmək mümkün olacaq.
Bu zaman avtomobil sahibi məlumat xidməti vasitəsilə avtomobili və səfər müddəti haqqında məlumatı Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinə təqdim etməli olacaq. Rusiya qeydiyyatında olan avtomobilin sahibi 2024-cü il fevralın 14-dən sonra Latviyada ondan istifadə etməyə davam edərsə, avtomobil müsadirə olunacaq.
Mənbə: A Haber