Litva Belarusla sərhədlərin tənzimlənməsi ilə bağlı geniş tərkibdə səfirlər səviyyəsində danışıqlarda iştirak etməyə hazırdır.
Bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris LRT radiosunun efirində bildirib.
“Sərhədin tənzimlənməsi məsələlərini həll etmək üçün biz Litvanın xüsusi tapşırıqlar üzrə səfiri səviyyəsində dialoq təklif edirik, ona məhz bu vəzifə həvalə olunacaq”, – o deyib.
Vilnüs indiyədək Minsklə siyasi dialoqdan çəkinir, bütün məsələlərin sərhəd xidmətləri kimi qurumlar səviyyəsində həllini tələb edirdi. Litvanın Belarusa qarşı şikayətləri Belarusdan qaçaqmal daşıyan hava şarlarının buraxılması və Litva yük maşınlarının evə qayıtmaq üçün sərhədi keçməsinə icazə verməməsi ilə bağlıdır.















