Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı səkkizə çatdıbackend

Xocalı rayonunun Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı səkkizə çatıb.

Oxu.Az bildirir ki, bu barədə Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə məlumatında deyilir.

Qeyd olunur ki, işğaldan azad edilmiş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində (1988-ci ildə yeni salınmış “Məhəllə” adlanan ərazi) aprel ayının 24-də aparılan bərpa-quruculuq və abadlıq işləri zamanı insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırmalar davam etdirilir.

Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində daha iki nəfərə aid sümük fraqmentləri tapılıb və bununla da aşkar olunan insan qalıqlarının ən azı səkkiz nəfərə (biri azyaşlı olmaqla) məxsus olması müəyyən edilib.

Faktla bağlı toplanmış material üzrə zərərçəkmiş şəxslərin şəxsiyyətinin, həmçinin əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilməklə zəruri prosessual hərəkətlər icra edilir.