Maliyyə Bazarlarında kəskin dalğalanmanın fəsadları: Emil Məhərrəmov – MÜSAHİBƏbackend

Maliyyə Bazarlarında kəskin dalğalanmalara səbəb olan Koronavirus (COVID-19) pandemiyasının mənfi təsiri ilə bağlı Dünyanın aparıcı audit şirkətlərindən biri olan “RSM International”un Azərbaycandakı filialı “RSM Azerbaijan”ın Audit xidməti departamentinin kənar auditoru Emil Məhərrəmov ilə müsahibəmizi sizə təqdim edirik.

 – Koronavirus Azərbaycanın Maliyyə bazarlarıına necə təsir edib?
– Bütün dünyada, eləcə də Azərbaycanda koronavirus pandemiyasının təsirinə məruz qalmayan biznes sahəsi yoxdur. Pandemiyanın tüğyan etməsi ilə paralel olaraq dünya bazarlarında neft qiymətlərinin də aşağı düşməsi neftdən asılı olan ölkələrdə daha ciddi problemlər yaratmaqdadır.
Əlbəttə, Azərbaycan da dövlət səviyyəsində pandemiya ilə uğurlu mübarizə aparan ölkələrdən biridir. Pandemiyanın və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin sərəncamı isə buna bariz nümunədir. Ancaq, bu cür pandemiya ilə mübarizə aparmaq o qədər də asan deyildir. Ona görə də atılmış adekvat tədbirlər planı problemləri tamamilə həll etməməkdədir.
Ümümilikdə proqnozları qiymətləndirdiyimiz zaman demək olar ki, iqtisadiyyatın bütün sektorları postpandemiya dövründə maddi zərərlə üzləşmişdir və hələdə üzləşməkdə davam edir. Məsələn Azərbaycanın sığorta bazarının strukturuna baxdıqda bəzi sığorta növlərinin sığorta bazarının ümumi həcmində xüsusi çəkisini görürük. Məsələn, həyat sığortaları içərisində ən çox sığorta haqqı toplanan sığorta növü həyatın yaşam sığortasıdır. Həyatın yaşam sığortasının inkişafına, həmçinin əhalinin bu sığorta növünə marağının artmasına iki əsas amil təkan verir: əhalinin gəlirlərinin, o cümlədən öhdəliklərdən azad – sərbəst gəlirlərinin artması və əhalinin maliyyə, o cümlədən sığorta sektoruna inamı. Birinci faktor əhalinin həyatın yaşam sığortasına ayırmalarını müəyyən edirsə, ikinci faktor sığorta müddəti ərzində sığortalının vəsaitlərinin qorunacağına və geri qaytarılacağına əminliyini əks etdirir. Pandemiya isə bu iki amilin hər ikisini ciddi zərbə altında qoyub. Birincisi, əhalinin gəlirləri kəskin şəkildə aşağı düşüb, bir çox sahələrdə iş dayanıb, əmək haqları azaldılıb və dolayısı ilə insanların böyük əksəriyyəti əllərində nağd vəsait saxlamağa, qeyri-müəyyənlik şəraitində yalnız ən təməl ehtiyacları barədə düşünməyə başlayıblar. Eyni yanaşmanı avtomobil sektoruna, dəniz nəqliyyatına da şamil etmək mümkündür. Könüllü sığortalar içərisində pandemiyadan birbaşa təsirlənən növlərdən biri, hətta birincisi səyahət sığortalarıdır. Bazarımızda çəkisi çox olmasa da, demək olar ki, məlum səbəblərdən may və iyun aylarında, bəlkə daha sonra da səyahət sığortası üzrə yığımlar, demək olar ki, sıfıra yaxın olacaqdır. Yük sığortaları üzrə yığımların da kəskin aşağı düşəcəyi gözlənilir.
Digər bir misal Maliyyə bazarlarında böyük pay sahibi olan Bank sektorunda da koronavirus infeksiyasının mümkün mənfi təsirlərini müəyyənləşdirmək o qədər də çətin deyil. Karantin rejimi ilə əlaqədar olaraq bir sıra iş yerlərində, xüsusilə turizm sektorunda, xidmət, ticarət sektorunun bir çox hissələrində fəaliyyətin dayanması həmin sahibkarların işində müəyyən çətinliklər yaradıb. Sahibkarın çətinliyinin yaranması isə onun bank sektorunda olan kredit borclarının ödənilməsində müəyyən gecikmələrə səbəb ola bilər ki, bu da müvəqqəti də olsa, bankların kredit portfelində gecikmiş ödənişlərin həcmini bir qədər artıra bilər. Həmçinin, dünya üzrə, o cümlədən ölkə daxilində istehsal və istehlakın azalması bir sıra maliyyə əməliyyatlarının da azalmasına səbəb ola bilər ki, bu da bankların əməliyyat gəlirlərinə müəyyən qədər təsir edəcəkdir. Eyni zamanda sahibkarların yeni biznes yatırımları etmələri iqtisadi və psixoloji faktorlardan qaynaqlanan ertələnməsi kimi halları kredit portfelinin genişlənməsi imkanlarını da azaldacaqdır.

 – Bəs pandemiya dövründə Audit xidmətlərinin göstərilməsi zamanı hansı problemlər yaranıb?
– Hazırki şəraitdə auditorların öz vəzifələrinin və öhdəliklərinin layiqincə yerinə yetirmələrində müəyyən çətinliklər yaranmaqdadır. Ancaq, yeni dövrün çağırışları işimizdə mütərəqqi və innovativ metodların tətbiqini, yeni prosedurlardan bəhrələnməyi, aparılan auditlərin Beynəlxalq Audit Standartlarına, Auditorların Peşə Etika Məcəlləsinə və digər normativ-hüquqi sənədlərin tələblərinə uyğunluğunu, ən əsası isə auditor xidmətinin keyfiyyətinin və peşənin imicinin yüksədilməsinə nail olmağı zəruri edir.
Təəssüf ki, təsərrüfat subyektləri tərəfindən maliyyə hesabatlarının təqdimedilmə dövrü karantin müddətinə təsadüf edir və bu nöqteyi nəzərdən audit xidmətlərinin göstərilməsində ciddi manelərə rast gəlinmişdir. Burada ən əsas məqam auditlərin böyük bir hissəsinin distant formada keçirilməsidir. Postpandemiya dövründə bütün auditor təşkilatlar kimi “RSM Azerbaijan”da göstərdiyi xidmətləri distant formada həyata keçirməkdə davam edir.
 – Son olaraq isə “RSM Azərbaycan” haqqında məlumat verərdiniz.
– “RSM International” özündə dünyanın 120-dən çox ölkəsində fəliyyət göstərən, 40 mindən çox əməkdaşın çalışdığı və illik gəliri 5.74 milyard dollardan çox olan dünyanın 6-cı aparıcı audit və konsaltinq şirkətləri şəbəkəsidir. “RSM Azerbaijan” artıq 2008-ci ildən etibarən “RSM International”ın müstəqil üzvü kimi ölkəmizdə fəaliyyətini uğurla davam etdirir . “RSM Azerbaijan” 60-dan çox peşəkar mütəxəssislərinin göstərdiyi dəstək və ortaya qoyduğu yüksək səviyyədə əməkdaşlıqlarına görə artan dinamik inkişaf tempi ilə böyüməkdə davam edir.

İctimai.az