“Mən ən yaxşı oyunumu “Qarabağ”da göstərmişəm. Klubla müqaviləm 2027-ci ilə qədərdir. Əgər bir gün ayrılmalı olsam, bunu hörmətlə etmək istəyirəm”.
Oxu.Azxəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç “MozzartSport” portalına açıqlamasında deyib.
30 yaşlı yarımmüdafiəçi Qurban Qurbanov haqqında da danışıb:
“Onun haqqında kitab yazmaq olar. Onun ambisiyası, iradəsi, səbir və əzmi inanılmazdır. Q.Qurbanov oyun fəlsəfəsini, inkişaf etmək istəyini oyunçulara da ötürür və bunu qəbul edənlər nəticə qazanırlar. Buna görə də “Qarabağ” hər futbolçu üçün uyğun klub deyil”.
Yankoviç həmçinin “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı gözləntiləri barədə danışıb:
“Bizim əsas məqsədimiz 10 xalla pley-off mərhələsinə vəsiqə qazanmaqdır. “Ayntraxt”la öz meydanımızda oynayırıq və sərfəli nəticə əldə edəcəyimizə inanırıq. “Liverpul”a qarşı oyunda da sona qədər mübarizə aparacağıq”.
Qeyd edək ki, sosial mediada Yankoviçin qış transfer pəncərəsində “Qarabağ”dan ayrılacağı barədə xəbərlər yayılmışdı.














