2022-ci ildə Rusiyada fəaliyyətini dayandıran restoran şəbəkəsi olan McDonald’s, ölkədə eyni adlı ticarət nişanını qeydiyyata alıb.
RİA Novosti bu barədə Rospatentə (Əqli Mülkiyyət üzrə Federal Xidmət) istinadən məlumat verib.
Agentliyin sənədlərinə görə, ticarət nişanı üçün müraciət 2024-cü ilin dekabrında təqdim edilib və Rospatent onu 2026-cı ildə təsdiqləyib. Qeydiyyatdan keçmiş ticarət nişanı McDonald’s brendinin qida məhsullarının, hazır yeməklərin və içkilərin, eləcə də oyuncaqların və süfrə qablarının satışı üçün istifadəsinə imkan verir.
McDonald’s 1940-cı ildə Dik və Mak MakDonald qardaşları tərəfindən təsis edilib. İlk restoran Kaliforniyanın San Bernardino şəhərində açılıb və 1948-ci ildə şəbəkə ilk dəfə fast food konsepsiyasının prinsiplərini formalaşdırıb. İyun ayının sonuna olan məlumata görə, McDonald’s 114 ölkədə 44.000-dən çox restoran işlədib.











