Son vaxtlar Azərbaycanda mədəniyyət və təhsil sahələrinə qarşı məqsədyönlü şəkildə aparılan qarayaxma kampaniyalarının müşahidə olunması təsadüfi deyil. Bir sıra şəxslərin, o cümlədən özünü “sənət adamı”, “ictimai fəal”, “mütəxəssis” kimi təqdim edən insanların sosial şəbəkələrdə və ya bəzi media platformalarında dövlət qurumlarına, xüsusilə Mədəniyyət Nazirliyinə qarşı əsassız, emosional və manipulyativ tənqidlər səsləndirməsi bu proseslərin arxasında daha dərin və sistemli mexanizmlərin dayandığını göstərir.
Bu kampaniyaların xüsusilə mədəniyyət sahəsini hədəfə alması isə təsadüfi deyil. Çünki milli identiklik, tarixi yaddaş və ideoloji müqavimət gücü ilk növbədə mədəniyyət üzərindən formalaşır.
Azərbaycanın son illər regional güc mərkəzinə çevrilməsi, suverenlik və milli birliyi qorumaq istiqamətində qazandığı uğurlar ölkəmizi bədxah qüvvələrin hədəfinə çevirib. Azərbaycanın regional və qlobal təsiri artdıqca milli kimliyin əsas dayaqlarından olan mədəniyyət sahəsinə qarşı hücumlar da intensivləşib. Mədəniyyət sahəsinə qarşı həyata keçirilən bu qarayaxmalar isə cəmiyyətdə emosional dalğalanma yaradır. Xarici qüvvələr və onların ölkədəki ideoloji dayaqları bu həssaslıqdan istifadə edərək dövlətə inamsızlıq yaratmağa cəhd edirlər.
Bu çirkin prosesdə sənət adamlarından istifadə mexanizmi ənənəvi taktikadır. Məhz həmin qüvvələrin təhriki ilə məşhur, amma çox vaxt mövzudan uzaq olan şəxslər sosial şəbəkədə qəzəbli, emosional nitq vasitəsilə anti-dövlət narrativi qurur. Onların fikirləri daha geniş kütləyə təsir edir, çünki sənət adamı haqqında cəmiyyətin emosional rəyi yüksək olur, onların tənqidi “daha səmimi” görünür, auditoriya onları siyasi subyekt kimi deyil, “xalqın səsi” kimi qəbul edir. Bu isə informasiya manipulyasiyasının klassik yumşaq güc təbliğatı modelidir.
Maraqlıdır ki, hücumlar yalnız mədəniyyət sahəsi ilə məhdudlaşmır. Son aylarda təhsil sahəsində də eyni tipli kampaniyalar aktivləşib. Məqsəd aydındır: gələcək nəsli formalaşdıran sistemi gözdən salmaq. Çünki cəmiyyətin modernləşməsi təhsil vasitəsilə aparılır.
Təhsili gözdən salmaq gələcək modern cəmiyyəti zədələmək deməkdir. Lakin onu da nəzərə almalıyıq ki, Azərbaycanın intellektual gücü artdıqca xarici manipulyasiya çətinləşir. Yeni tədris proqramları, rəqəmsal təhsil, beynəlxalq inteqrasiya Azərbaycanın müstəqil inkişaf modelini gücləndirir. Azərbaycanın uğurlarını qəbul etməyən qüvvələr isə qarışıq, çaşqın, dövlətə inamsız cəmiyyət istəyir. Bu baxımdan hücumlar təsadüfi formada deyil, strukturlaşdırılmış şəkildə aparılır. “Mədəni kimlik bizi məhvə aparır”, “nazirliklər işləmir” adı altında hər xırda hadisə şişirdilir, müsbət nəticələr isə qəsdən gizlədilir. Əlbəttə, onların məqsədi dövlət institutlarına inamı sarsıtmaqdır.
Digər tərəfdən “xarici model daha yaxşıdır” təbliğatına cəhdlər edilir. Məqsəd Azərbaycanı öz mədəni-mənəvi təməllərindən uzaqlaşdırmaqdır. Qərəzli çıxışlar, montaj olunmuş videolar, əsası olmayan ittihamlar cəmiyyətin zəhərlənməsi üçün istifadə olunan vasitələrdir. Halbuki mədəniyyət sahəsində görülən işlər yalnız rəsmi qurumların hesabatlarında yox, real media kommunikasiya strategiyasında görünür. İslahatların həm institusional səviyyədə aparılması, həm də milli kimliyin möhkəmləndirilməsinə yönəlməsi strateji xarakteri ilə seçilir.
Ötən dövrdə Mədəniyyət Nazirliyində idarəetmə modelinin yenilənməsi, şəffaflıq və səmərəlilik prinsiplərinin gücləndirilməsi mədəniyyət siyasətinin əsas xəttinə çevrilib. Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə paralel olaraq işğaldan azad olunmuş ərazilərdə mədəni irsin inventarizasiyası, dağıdılmış tarixi abidələrin bərpası, muzeylərin və mədəniyyət mərkəzlərinin yaradılması milli yaddaşın dirçəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu illərdə klassik və müasir incəsənətin inkişafı üçün yeni layihələr və festivallar həyata keçirilib, Azərbaycan kinosu və musiqi sənəti dövlət dəstəyi ilə beynəlxalq platformalarda daha geniş təmsil olunub.
Eyni zamanda, müasir texnologiyalara əsaslanan rəqəmsal mədəniyyət siyasəti formalaşmağa başlayıb, milli irsin rəqəmsallaşdırılması və dünya auditoriyasına çıxışı təmin edilib. Bütün bu proseslərdə əsas məqsəd Azərbaycan mədəniyyətini modernləşdirməklə yanaşı, milli kimliyi, tarixi irsi və mənəvi dəyərləri qorumaq, onları yeni nəslin düşüncəsinə inteqrasiya etmək olub.














