Bir qrup media nümayəndəsi “Aztürk Holdinq”in ofisində olub.
Görüş çərçivəsində jurnalistlər holdinq tərəfindən həyata keçirilməsi nəzərdə tutulan “NeoOrdo” adlı iri miqyaslı innovativ turizm və əyləncə layihəsi barədə ətraflı məlumatlandırılıblar.
Bildirilib ki, 36 hektar ərazidə yaradılması planlaşdırılan və ABŞ-də fəaliyyət göstərən “Disneyland” modelindən daha müasir, texnoloji və çoxfunksiyalı olması nəzərdə tutulan turizm-əyləncə kompleksi Azərbaycanın qlobal turizm xəritəsində mövqeyinin güclənməsinə töhfə verə bilər. Layihə təqdimatında vurğulanıb ki, dünya üzrə mövcud turist axınının yalnız məhdud bir hissəsinin cəlb edilməsi belə, ölkəyə əhəmiyyətli turist axını yarada biləcək potensial ssenari kimi qiymətləndirilir.
Hesablamalara əsasən, hər bir turistin minimum 1 000 ABŞ dolları həcmində xərcləmə etməsi nəzərə alındıqda, bu göstəricinin orta qlobal xərcləmədən aşağı və konservativ yanaşma olduğu qeyd edilib, layihə ölkə iqtisadiyyatına əhəmiyyətli həcmdə maliyyə axını formalaşdıra bilər.
Bildirilib ki, “NeoOrdo”nun iqtisadi təsiri yalnız turizm gəlirləri ilə məhdudlaşmayacaq. Layihə xidmət sektorunun genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına, nəqliyyat və şəhər infrastrukturunun inkişafına, vergi və qeyri-vergi daxilolmalarının artmasına, eləcə də Azərbaycanın beynəlxalq investisiya cəlbediciliyinin yüksəlməsinə töhfə verə bilər. Uzunmüddətli perspektivdə layihə ölkənin iqtisadi dayanıqlığını gücləndirən strateji təşəbbüs kimi təqdim olunub.
Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, “NeoOrdo” layihəsi dövlət büdcəsi üçün əlavə maliyyə yükü yaratmayan model əsasında planlaşdırılıb. Layihənin maliyyələşdirilməsinin əsasən özəl və beynəlxalq investisiya mexanizmləri hesabına həyata keçirilməsi nəzərdə tutulur.
Təqdimatda layihənin konseptual yanaşmasına da toxunulub. Əlavə olunub ki, “NeoOrdo” qapalı deyil, açıq sistem prinsipləri üzərində qurulub və burada imkanlar geniş ictimaiyyət üçün əlçatan olmalıdır. Layihənin əsas prinsipləri kimi ictimai ədalət, şəffaflıq və bərabər imkanların təmin edilməsi göstərilib.
Tədbir çərçivəsində milli ideologiyanın təbliği və vətənpərvərlik dəyərlərinin cəmiyyətə çatdırılmasında fəal iştirak edən media qurumları və jurnalistlərə “Aztürk Holdinq”ə göstərdikləri dəstək üçün təşəkkür edilib. Bu məqsədlə media nümayəndələri mükafatlandırılıb.
“Aztürk Holdinq”in prezidenti Güləli Bağırov bildirib ki, holdinq gələcəkdə də milli ideologiyanın təşviqi və vətənpərvərlik mövqeyi ilə seçilən media qurumlarına dəstəyini davam etdirəcək və bu istiqamətdə yeni təşəbbüslər həyata keçiriləcək.





















