Mediasiya Şurası ilə TİKA arasında əməkdaşlıq məsələləri müzakirə olunubbackend

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA)Azərbaycan üzrə Kordinatoru Fatih Yılmaz arasında görüş olub.

E-huquq.az xəbər verir ki, görüşdə N.Adilov Azərbaycanda aparılan mediasiya islahatları barədə məlumat verib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 29 mart 2019-ci ildə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu imzalanıb və bu qanunla tənzimlənən fəaliyyət ölkəmizdə aparılan uğurlu məhkəmə-hüquq islahatlarının tərkib hissəsidir.

N.Adilov Mediasiya Şurası və Türkiyənin bu sahədəki əlaqədar qurumları ilə əməkdaşlıq və təcrübə mübadiləsinin Azərbaycan üçün əhəmiyyətindən danışıb.

F.Yılmaz bildirib ki, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) 1992-ci ildə Türkiyə Xarici İşlər Nazirliyinin nəzdində xarici yardımların göstərilməsi məqsədilə yaradılıb. Hazırda Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinə bağlı olaraq fəaliyyət göstərir.

Qeyd edib ki, TİKA-nın dünyanın 60 ölkəsində 62 Əməkdaşlıq Ofisi fəaliyyət göstərir. Eyni zamanda, dünyanın 100-ə yaxın ölkəsində müxtəlif inkişaf mərkəzləri ilə aidiyyəti sahələr üzrə əməkdaşlıq edilir.

Təşkilatın Bakı Proqram Koordinasiya Ofisi 1994-cü ildən etibarən fəaliyyət göstərir və ofisə 2021-ci ilin 11 avqust tarixindən F.Yılmaz rəhbərlik edir. Layihələr birdəfəlik əsasda kiçik həcmli yardımlar formasında həyata keçirilir və kənd təsərrüfatı, turizm, institusional infrastrukturun inkişaf etdirilməsi, iqtisadi, texniki, sosial, mədəni və səhiyyə sahələri üzrə fəaliyyətlərdə Azərbaycanın dövlət və qeyri-dövlət strukturları ilə əməkdaşlıq qurulmasına xüsusi əhəmiyyət verilir.

Görüş zamanı həmçinin tərəflər arasında 2022-ci il üçün qarşıda duran məsələlər müzakirə olunub və əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.