Mediasiya təşkilatlarının geniş formatda görüşü keçirilib – FOTObackend

Mediasiya Şurasının İdarə Heyətinin, İntizam və İxtisas Komissiyalarının, Xüsusi Komissiyanın, mediasiya təşkilatlarının rəhbərlərinin və mediatorların iştirakı ilə mediatorlar arasında münasibətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq tənzimlənməsi ilə bağlı geniş formatda görüş keçirilib.

E-huquq.az xəbər verir ki, görüşdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov mediasiya təşkilatları və mediatorlar arasında tənzimlənən hüquqi və prosessual münasibətlərdə yaranan problemlərlə bağlı xüsusi təqdimatla çıxış edib.

O bildirib ki, 80 mediatorun cavabları əsasında hazırlanan sorğunun təhlili nəticəsində bir çox problemləri müəyyən etmək mümkün olub: “Keyfiyyətli və nəticəyönümlü mediasiya proseslərinin tənzimlənməsi ilə bağlı tədbirlərin görülməsinə ciddi zərurət var. “Mediasiya haqqında” Qanunun tələblərinə ciddi riayət edilməsi prioritet məsələdir. Mediasiya təşkilatlarının üzərinə böyük məsuliyyət düşür və onlar mediatorlarla münasibətlərin şəffaf əsaslarla tənzimlənməsini əhatə edən təklifləri ən qısa zamanda Mediasiya Şurasına təqdim etməlidirlər”.

N.Adilov Mediasiya Şurasının beynəlxalq təcrübənin tətbiqində maraqlı olduğunu deyib: “Mediasiya Şurası və mediasiya təşkilatları mediatorların fəaliyyətinin qiymətləndirilməsi, onların şəffaf əsaslarla və nəticəyönümlü fəaliyyət göstərməsi istiqamətində beynəlxalq standartların tətbiqi ilə bağlı “Ekvita” şirkətindən ödənişsiz məsləhətlər alır. Biz, həmçinin Beynəlxalq Standartlaşdırma Təşkilatının tələblərinə uyğunlaşmaq və bu sahədə qabaqcıl təcrübəni öyrənmək məqsədilə bu şirkətlə əməkdaşlıq edirik və öz fəaliyyətimizdə beynəlxalq standartları tətbiq etməyə çalışırıq”.

Görüşdə ekspert qismində iştirak edən “Ekvita” şirkətinin rəhbəri İlqar Mehti beynəlxalq standartlaşma barədə məlumat verərək bildirib ki, qeyd edilən standart potensial riskləri azaltmaq məqsədi ilə müəssisə daxilində iş və əməkdaşlıq üzərində nəzarəti asanlaşdırmaq və gücləndirmək üçün mövcuddur: “Bu sertifikatın əldə edilməsi beynəlxalq şirkətlərə münasibətdə etik biznesin və etibarlılığın sübutu kimi çıxış edir. Təsis edilmiş bir təşkilat hüquqi öhdəliklərinin yerinə yetirilməsini təşviq etmək və etik dəyərlərə bağlılığını daha da artırmaq üçün müvafiq idarəetmə sistemlərinə əsaslanan qanunlara əməl etmə (komplayens) siyasəti yaratmalıdır. Rüşvətə qarşı siyasət komplayens siyasətinin vacib elementidir. Şəffaf idarəetmə və yaxşı idarəetmə sistemini dəstəkləmək qanunsuz xərclərin, risklərin və zərərlərin qarşısını alır, işgüzar münasibətlərdə inamı artırır, iqtisadi və işgüzar nüfuza zərərin qarşısını alır. Yaxşı idarə olunan bir təşkilatdan onun hüquqi öhdəliklərinə və etik dəyərlərinə bağlılığını təmin etmək üçün müvafiq idarəetmə sistemi tərəfindən dəstəklənən komplayens siyasətinin olması çox önəmlidir. Rüşvət əleyhinə idarəetmə siyasətini dəstəkləmək təşkilata xərclərin, risklərin və zərərin qarşısını almağa və ya azaltmağa, eləcə də, işgüzar münasibətlərdə inam və etimadı qoruyub saxlamağa və təşkilatın işgüzar nüfuzunu artırmağa kömək edir. Qeyd edim ki, “Ekvita” rüşvətxorluq əleyhinə idarəetmə sistemi üzrə məsləhətçi kimi MDB məkanında hazırki tarixədək İSO 37001 sertifikatı əldə etmiş ilk və yeganə konsaltinq şirkətidir. “Ekvita” beynəlxalq sertifikasiya təşkilatının akkreditə olunmuş audit partnyorudur və ölçüsündən asılı olmayaraq Mediasiya Şurasına və Şuranın üzvü olan bütün təşkilatların İSO 37001 sertifikasiya prosesinə hazırlanması üçün köməklik göstərə bilər”.

Daha sonra Mediasiya Şurasının İdarə Heyətinin üzvü, İntizam Komissiyasının sədri Sima Yaqubova, Xüsusi Komissiyanın sədri Bəylər Məmişov mediasiya təşkilatlarındakı mövcud vəziyyət və problemləri diqqətə çatdırıblar. Qeyd edilib ki, mediasiya təşkilatları qeyri-kommersiya təşkilatlarıdır və onların fəaliyyəti istər ictimaiyyət, istərsə də mediatorlar üçün tam açıq və şəffaf olmalıdır.

Xüsusi Komissiyanın üzvləri professor, mediator Fərhad Mehdiyev, mediator İlham Mehtiyev, İxtisas Komissiyasının sədri Qasım Şalıyev, üzvü vəkil, mediator Gəray Ağbabalı, İxtisas Komissiyasının digər üzvü, 7 saylı Bakı Mediasiya Təşkilatının rəhbəri Natiq Məmmədov, İntizam Komissiyasının üzvü Mayıl Əhməd, 5 saylı Bakı Mediasiya Təşkilatının rəhbəri Taleh İbrahimov, 4 saylı Bakı Mediasiya Təşkilatının rəhbəri Cabbar Həsənov, Gəncə 1 saylı Mediasiya Təşkilatının rəhbəri Südabə Məmmədova, Gəncə 1 saylı Mediasiya təşkilatının təsisçilərindən Kübra Ələkbərova, 11 saylı Bakı Mediasiya Təşkilatının təsisçi-direktoru Malik Rzayev və 3 saylı Bakı Mediasiya Təşkilatının təsisçilərindən Zaur Mirzəbəyov çıxış edərək son 3 ay ərzində təcrübədə rastlaşdıqları problemləri müzakirə edib və təkliflərini səsləndiriblər.

İxtisas Komissiyasının üzvləri Alidə Mahmudova və Səadət İsmayılova, 1 saylı Bakı Mediasiya Təşkilatının rəhbəri Samir Babayev, 6 saylı Bakı Mediasiya Təşkilatının rəhbəri Tural Şahbazov, 10 saylı Bakı Mediasiya Təşkilatının rəhbəri Rauf Əzimov səslənən fikir və təklifləri qeyd edib.

Mediasiya Şurasının əməkdaşları Kamil Lətifov, Simarə Vahid və Arzu Cabbarova da iştirak edərək Mediasiya Şurasının inkişafi üçün zəruri təklifləri qeyd ediblər.

İntizam Komissiyasının üzvü Mayıl Əhməd Mediasiya Təşkilatlarının fəaliyyətində intizam pozuntularının olduğu təqdirdə ciddi ölçü götürüləcəyini mediasiya təşkilatları rəhbərlərinin diqqətinə çatdırıb və qeyd edilən problemlərin qısa müddətdə aradan qaldırılmasını vurğulayıb.

Mediasiya Təşkilatları rəhbərləri ötən 3 aylıq fəaliyyətlərin daha da təkmilləşdirilməsini və qarşıda duran hədəflərə çatmaqla bağlı fikirlərini və təkliflərini qeyd ediblər. Eyni zamanda mediasiya təşkilatlarının rəhbərləri hesabat xarakterli çıxışlar ediblər.