Məleykə Abbaszadə tələbələrə müraciət etdibackend

Tələbə adını qazananların siyahısının dərc olunduğu “Abituriyent” jurnalının VII nömrəsini sentyabrın 25-də səhər saatlarından etibarən əldə etmək mümkün olacaq.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu nömrədə 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı qruplar üzrə (Azərbaycan bölməsi – I, II, III qruplar hər biri ayrıca jurnalda, IV və V qruplar isə birlikdə bir jurnalda, rus bölməsinin bütün qrupları isə bir jurnalda) çap ediləcək.

Jurnalın ön sözündə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin tələbə adı qazananlara təbriki də yer alıb:

“2020-ci il tək bizim üçün deyil, həm də bütün dünya üçün gözlənilməz oldu. Koronavirus pandemiyası nəticəsində yaranan böhran gündəlik vərdişlərimizi və həyat tərzimizi köklü surətdə dəyişdirdi. Bu il, həyatımızın bütün sahələrinə, xüsusilə təhsil sisteminə ciddi təsir göstərdi. Təhsil müəssisələrinın fəaliyyəti dayandırıldı, qısa müddətdə məsafədən (distant) təhsilə məcburi keçid həyata keçirildi, təhsilin bütün pillə və səviyyələrində tədris prosesinin yenidən qurulması zərurəti yarandı.

Yaranan çətinliklərə baxmayaraq, inadla çalışmaq və qarşınızda qoyduğunuz ümdə məqsədlərə çatmaq üçün irəliləməyə can atmağınız sizin uğurunuzun rəhnidir.

Biz sizi, yenicə tələbə adını qazanmışları bu mürəkkəb ildə əldə etdiyiniz layiqli qələbə münasibətilə səmimi olaraq təbrik edirik. Həmişə pozitiv dəyişikliklərə can atın, ailənizə, cəmiyyətə, bütövlükdə respublikamıza vicdanla xidmət etmək və layiqli vətəndaş olmaq üçün bütün imkanlarınızı səfərbər edin!

Dostlar, bu il vəziyyətin mürəkkəb olduğu şəraitdə, yüksək nəticə göstərərək tələbə adını qazanmışları görmək xüsusən sevinc doğurur. Bugünkü uğurunuzda, həmçinin sizin valideynlərinizin və müəllimlərinizin xidməti danılmazdır.

Əziz tələbələr, sizi bir daha təbrik edir və seçdiyiniz işdə əsl peşəkar olmaq üçün səylə bilik, bacarıq və vərdişlərə yiyələnməyinizi arzu edirik!”.

İctimai.az