Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə 9-cu qrant müsabiqəsinin qalibi olan layihənin məqsədi 6–10-cu sinif şagirdlərinin yaradıcı potensialının üzə çıxarılması, sosial-emosional bacarıqlarının inkişaf etdirilməsi və sənətə maraqlarının artırılması olub. Layihə çərçivəsində dram və teatr dərnəyi fəaliyyət göstərib, şagirdlərə səhnə danışığı, bədən dili, mimika, improvizasiya və rol bölgüsü kimi mövzuları əhatə edən 32 saatlıq təlim proqramı təqdim olunub.
Təlimlər müddətində şagirdlərə həm fərdi, həm də qrup tapşırıqları verilib, proses ekspert dəstəyi ilə müşayiət olunub. Eyni zamanda, müəllim və ekspertlərin birgə əməkdaşlığı ilə tamaşa üçün əsər seçilərək şagirdlərin səviyyəsinə uyğunlaşdırılıb və səhnələşdirilib.
Layihənin bağlanış tədbiri Vətən müharibəsinə həsr olunub, qəhrəmanların şücaətini əks etdirən səhnə performansı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Layihə Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində ibtidai sinif müəllimi Məmmədova Jalənin rəhbərliyi ilə həyata keçirilib.






















