Yaponiya Ədalətli Ticarət Komissiyası (JFTC) tərəfindən başladılan araşdırmanın bir hissəsi olaraq Microsoft-un Yaponiyadakı törəmə müəssisəsində axtarış aparılıb. Reuters agentliyinin məlumatına görə, tənzimləyici orqan şirkətin Microsoft Azure bulud xidmətinin müştərilərinə rəqib platformalardan istifadəni məhdudlaşdırıb-məhdudlaşdırmadığını araşdırır.
Yoxlama çərşənbə günü baş tutub. Agentlik mənbələrinin məlumatına görə, araşdırma istifadəçilərin alternativ provayderlərə keçidinə potensial olaraq mane ola biləcək bulud xidmətinin şərtlərinə yönəlib.
Microsoft Japan şirkətin tənzimləyici orqanla tam əməkdaşlıq etdiyini və tələb olunan bütün məlumatları təqdim etdiyini bildirib. Reuters-in məlumatına görə, JFTC həmçinin Microsoft-un ABŞ-dakı qərargahına sorğular göndərmək niyyətindədir.












