Millət vəkili şəhid atası ilə görüşübbackend

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı şəhər sakini, şəhid əsgər Niyaməddin Sultanzadənin atası Hüsaməddin Sultanzadə ilə görüşüb.
Qənirə Paşayeva şəhid atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb: “Əziz Şəhid atası, Siz Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş oğulun atasısınız. Düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid ataları haqq edirsiz. Biz Sizə minnətdarıq! Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik. Sizin övladınız artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana əzizdir, doğmadır. Şəhid ailələri bizim baş tacımızdır.
Biz bilirik ki, oğlunuz bu ilin sentyabrında elan olunmuş qismən səfərbərliyə uyğun olaraq hərbi xidmətə çağırılıb və Vətən Müharibəsində iştirak edib. Döyüşlərin birində şəhid olan igid oğlunuz, Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Bu medal Niyaməddinə, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə verilib.
Niyaməddin kimi qorxmaz gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik”!
Şəhid atasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından Məktublar, üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edilib.
Görüşdə “Asiya.Az” xəbər portalının baş redaktoru Cəfər Cəfərov iştirak edib.