Millət vəkili: “Təəssüf ki, cəmiyyətimizdə qaragüruh qüvvələrin populist, məsuliyyətsiz çıxışları müsbət qarşılanır”backend

“Çox təəssüflər olsun ki, bu gün cəmiyyətimizdə qaragüruh qüvvələrin populist, məsuliyyətsiz çıxışları və fikirləri müsbət qarşılanır”.

“Yenigündəm” xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin növbədənkənar sessiyasına çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son  dövrlərdə Şuşa və Xudafərin məsələsi sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır.

“Araz çayı üzərində “Xudafərin” su anbarının tikintisi ilə bağlı İranla imzalanan müqavilənin imzalanmasına görə,  hökumətlə yanaşı, həmin müqaviləni Milli Məclisdə ratifikasiya edib, ona şərait yaratdığı üçün deputatlar da ittiham olunmaqdadır.  Bu məsələdə Qarabağdan seçilən deputatlar da ittiham olunur. Dünən parlamentdə Şuşa məsələsi müzakirə olundu və burada səslənən fikirlərə görə təəssüf edirəm. Bu gün cənab Prezident Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi  işlər görməkdədir. Dövlət bu istiqamətdə lazımi addımlar atır. Amma buna baxmayaraq,  qaragüruhun populist və məsuliyyətsiz çıxışları və fikirləri  müsbət qarşılanır.  Cəmiyyətdə belə bir fikir formalaşır ki,  biz bu məsələlərə biganəyik. Ancaq biz mütəmadi olaraq bu məsələlərə bağlı çıxışlar edirik”- deputat qeyd edib.

O, əlavə edib ki, dövlətin müvafiq qurumları məsələlərlə  bağlı  bəyanatlar verir: “Ancaq belə görünür ki,  daha fərqli addımlaırn atılmasına ehtiyac var. Çünki nə qədər işlər görülsə də, bu işlərə kölgə salmağa çalışırlar”.

İctimai.az