Həmrəylik Günü hər bir azərbaycanlıya harada yaşamasından asılı olmayaraq eyni Vətənə, eyni dəyərlərə və eyni gələcəyə bağlı olduğunu xatırladır
Azərbaycan xalqının tarixində milli birlik, həmrəylik və vətənə bağlılıq hər zaman mühüm yer tutmuşdur. Bu dəyərlərin müasir dövrdə daha sistemli və məqsədyönlü şəkildə formalaşmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri vardır. Dünya azərbaycanlılarının həmrəyliyi və onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Lider məhz bu məqsədlə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etməklə xalqımızın birliyinə, milli ideoloji vəhdətinə mühüm töhfə vermişdir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli birliyini, mənəvi gücünü və ümumdünya miqyasında həmrəyliyini ifadə edən ən əlamətdar bayramlardan biridir. Hər il 31 dekabr tarixində qeyd olunan bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını eyni ideya ətrafında birləşdirir, onların Vətənlə bağlarını daha da möhkəmləndirir.
Dünya azərbaycanlılarının həmrəyliyi və təşkilatlanması məsələsi daim Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Məhz onun uzaqgörən siyasəti nəticəsində bu mühüm gün rəsmiləşdirilmiş, milli birliyin ideoloji əsasları formalaşdırılmışdır. Ulu Öndər Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etməklə xalqımızın birləşməsinə, milli kimliyimizin qorunmasına və güclənməsinə mühüm töhfə vermişdir.Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı kimi tarixə düşmüşdür. O, xarici ölkələrə etdiyi səfərlər zamanı proqramının zənginliyinə və iş günlərinin gərginliyinə baxmayaraq, həmin ölkələrdə yaşayan azərbaycanlılarla görüşlərə xüsusi önəm verirdi. Bu görüşlər zamanı soydaşlarımızın problem və qayğıları ilə yaxından maraqlanır, onların hüquqlarının qorunması, milli dəyərlərin yaşadılması və daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.
Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətçiliyimizin banisi Ulu Öndər Heydər Əliyev öz zəngin siyasi fəaliyyəti, uzaqgörənliyi və dərin müdrikliyi ilə xalqımızın tarixində silinməz iz qoymuş şəxsiyyətdir. Onun söylədiyi fikirlər təkcə bir dövr üçün deyil, bu gün və gələcək nəsillər üçün də dəyərli mənəvi-siyasi irsdir. Bu baxımdan Ulu Öndərin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”
XX əsrin sonlarında Azərbaycanın mürəkkəb ictimai-siyasi proseslər yaşadığı bir dövrdə milli birliyin qorunması xüsusi əhəmiyyət kəsb edirdi. Məhz belə bir tarixi şəraitdə Heydər Əliyev azərbaycançılıq ideologiyasını irəli sürərək dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vahid milli məqsədlər ətrafında birləşməsini əsas vəzifə kimi müəyyənləşdirdi. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu ideologiyanın praktiki ifadəsi olaraq milli şüurun möhkəmlənməsinə xidmət etdi.
Bu gün dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı Həmrəylik Gününü böyük ruh yüksəkliyi ilə qeyd edir. Bayram müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar arasında əlaqələrin qurulması, mədəniyyətimizin, dilimizin, adət-ənənələrimizin qorunması və təbliği baxımından mühüm platformaya çevrilmişdir. Həmrəylik Günü diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsində, milli maraqlarımızın beynəlxalq müstəvidə müdafiəsində xüsusi rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün mühüm xüsusiyyətlərindən biri də onun yalnız etnik azərbaycanlıları deyil, eyni zamanda Azərbaycanda doğulub böyümüş, bu torpağa mənəvi bağlılıq hiss edən digər millətlərin nümayəndələrini də əhatə etməsidir. Bu fakt Azərbaycan dövlətinin multikultural dəyərlərə sadiqliyinin, tolerant cəmiyyət modelinin bariz nümunəsidir. Həmrəylik Günü Azərbaycanı Vətən bilən hər kəsi birləşdirən ümummilli bayrama çevrilmişdir.
Bu gün Ulu Öndərin müəyyənləşdirdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət səviyyəsində diaspor quruculuğuna xüsusi diqqət yetirilir, dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları milli maraqlarımızın qorunmasında, mədəniyyətimizin təbliğində və Vətən həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır.
2020-ci ildə baş vermiş Vətən müharibəsi Azərbaycan xalqının tarixində yalnız hərbi-siyasi qələbə kimi deyil, eyni zamanda milli birlik, həmrəylik və dövlətə sarsılmaz bağlılığın parlaq nümunəsi kimi yadda qaldı. Bu müharibə bir daha sübut etdi ki, Azərbaycan xalqı taleyüklü məqamlarda hər zaman öz Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşir və vahid məqsəd naminə səfərbər olur.Vətən müharibəsi dövründə ölkə daxilində mövcud olan siyasi, ictimai və ideoloji həmrəylik Qələbənin əsas amillərindən biri oldu. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, dəqiq və ardıcıl qərarları xalq tərəfindən tam dəstəkləndi. Cəmiyyətin bütün təbəqələri – gənclər, ziyalılar, hərbçilər, şəhid ailələri və qazilər eyni amal ətrafında birləşərək Vətənə xidmət nümunəsi göstərdilər. Bu birlik Azərbaycan dövlətinin gücünü və xalqın öz liderinə olan etimadını bütün dünyaya nümayiş etdirdi.
Vətən müharibəsi yalnız cəbhədə deyil, eyni zamanda informasiya və diplomatik müstəvidə də aparılırdı. Bu mübarizədə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların rolu xüsusilə əhəmiyyətli oldu. Xaricdə yaşayan soydaşlarımız tarixdə görünməmiş dərəcədə fəallıq göstərərək daha sıx birləşdilər, yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün ardıcıl və məqsədyönlü fəaliyyət göstərdilər. Diaspor nümayəndələri kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə, ictimai aksiyalarda və rəsmi qurumlarla təmaslarda Ermənistanın təcavüzkar siyasətini ifşa etdilər, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdılar. Bu fəaliyyətlər nəticəsində bir çox ölkələrdə ictimai rəy formalaşdı, Azərbaycanın mövqeyi daha dolğun şəkildə anlaşıldı.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli kimliyimizin, tariximizin, mədəniyyətimizin və gələcək hədəflərimizin rəmzidir. Bu bayram Ulu Öndər Heydər Əliyevin xalqımız üçün miras qoyduğu milli birlik fəlsəfəsinin canlı təzahürüdür. Həmrəylik Günü hər bir azərbaycanlıya harada yaşamasından asılı olmayaraq eyni Vətənə, eyni dəyərlərə və eyni gələcəyə bağlı olduğunu xatırladır. Bu birlik və həmrəylik isə Azərbaycan xalqının gücünün, möhkəmliyinin və əbədiyaşarlığının əsas təminatıdır.
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu















