Tarixi təcrübələr sübut edir ki, xalqın inkişafında, dövlətin rifahının yüksəlməsində ağıllı, düşüncəli liderlərin rolu əvəzsizdir. Sadalanan keyfiyyətləri olan dövlət başçıları yüksək inkişaf yolu keçərək tarixi uğurlara imza atmışdırlar. Belə liderlərdən biri də Azərbaycan xalqının taleyində misilsiz xidmətlər göstərmiş, öz xalqının, millətinin gələcəyi üçün çalışmış, milli-mənəvi irsimizin, dəyərlərimizin qayğısına qalmış, dövlətinin inkişafını qarşısına hədəf qoymuş Ulu öndərimiz Heydər Əliyev olmuşdur. Həqiqətən də Heydər Əliyev siyasi lider olaraq Azərbaycan xalqını işıqlı gələcəyə aparan, onu müstəqilliyə qovuşduran, dövlətçiliyin, Azərbaycançılığın möhkəmlənməsində mühüm xidmətlər göstərən, Azərbaycan xalqının adını fəxrlə, qürurla andığı dahi şəxsiyyət idi.
Çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yeri olan Ümummilli liderimizin fəaliyyəti təkcə Azərbaycan üçün deyil, həm də postsovet məkanı üçün mühüm əhəmiyyət daşımaqla yanaşı, dünya miqyasında gedən proseslərə də təsir göstərmişdir.
Heydər Əliyev Azərbaycan xalqının milli mənlik şüurunun oyanmasında, azadlıq və müstəqillik hissinin güclənməsində, elmi-mədəni həyatln vüssətli dirçəlişində mühüm xidmətlər göstərək özünü vətənin tərəqqisinə həsr etmişdir. Bu dirçəliş Azərbaycanın unudulmuş tarixi bayramlarına, tarixi hadisələrinə, milli şüurunun dirçəlməsinə, yenidən çiçəklənməsinə də öz töhfəsini verdi. Belə ki, Azərbaycanın milli bayramlarından biri hesab edilən Novruz bayramı 1929-cu ildən etibarən repressiv təqiblərə məruz qalmış, dövlət bayramları siyahısından çıxarılmış və qadağan edilmişdir. Hətta həmin dövrdə bəzi təşkilat nümayəndələri bu bayramı evində gizlin qeyd edənləri, tonqal qalayanlari, səməni cücərdənləri sərt şəkildə cəzalandırırdılar.
Ümummilli liderimiz Heydər Əliyev sovetlər birliyinin göstərdiyi bu qadağalara rəğmən, sovet ideologiyasına mərdanə şəkildə qarşı çıxaraq milli-mənəvi irsimiz hesab edilən bu el bayramını yenidən bərqarər edərək, gələcək nəsillərə ərməğan etdi. Heydər Əliyev bu bayramı milli ideologiyamızın, milli şüurumuzun ana sütunu kimi əbədiləşdirdi. 1970-ci illərdən etibarən Azərbaycanın milli bayramı olan Novruz bayramı yenidən doğma yurdumuzda kütləvi şəkildə, təmtəraqla qeyd olunmağa başladı.
Ölkəmiz müstəqillik əldən etdikdən sonra Ulu öndərimiz Heydər Əliyev “Novruz bayramı”nı dünya azərbaycanlılarının, milli bayramına, effektiv ideoloji-siyasi təsir amilinə çevirdi. Ulu öndər nitqlərinin birində qeyd etmişdir: “Elə vaxtlar, zamanlar olubdur ki, bu bayramı xalqımızın əlindən almaq istəyiblər, bu bayramı keçirməyə mane olmaq istəyiblər. XX əsrdə biz bu dövrü yaşamışıq. Ancaq Novruz bayramının o qədər dərin kökləri var, Azərbaycan xalqının, millətimizin qəlbində o qədər yerləşib ki, heç bir qüvvə, heç bir hakimiyyət, heç bir siyasi sistem bu bayramı Azərbaycan xalqının əlindən ala bilməyibdir”.
Azərbaycanın ən çətin günlərində torpaqlarımızın azad olunacağına qətiyyətlə inanan, ümidsizliyə qapılmayan dahi Liderimiz bayram təbriklərinin birində söyləmişdir “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.
Bu gün Azərbaycan dövlətinin dahi Liderinin siyasi davamçısı, Ali Baş Komandanımız İlham Əliyev öz ata vəsiyətinə sadiq qalaraq siyasi arenada öz qətiyyətli sözü ilə, şücaət və mərdlik nümunəsi göstərərək Azərbaycanın işğal altında olmuş torpaqlarını düşmən tapdağından azad etdi. Məhz 8 noyabr 2020-ci il Ulu öndərimizin arzusu çin oldu. Bu gün müstəqil Azərbaycanımızın bütün torpaqlarında Novruz tonqalları qalanır, xalqımız, elimiz, obamız azad, rahat nəfəs alaraq bayram xoncaları qurub, şadlıq edir. Allah Azərbaycanımızın gələcəyi uğrunda mübariz addımlar atmış Ulu öndərimiz Heydər Əliyevə və şəhidlərimizə rəhmət eləsin. Yaşasın azad, məğrur, əyilməz Azərbaycan!
Bakı Slavyan Universiteti
Cəfərova Səbinə Namiq qızı
