Milli Qurtuluşdan Qələbəyəbackend

Dünyada çox az düha sahibinə tərk etdiyi mübarizə meydanına bir daha geri dönmək, tarixi qayıdış etmək hünəri qismət olub. Tarixi qayıdış bəşər övladına nəsib olan dühalıq siması müstəsna müdriklik keyfiyyətidir. Şəxsiyyətin iradə tükənməzliyi insan gücünün dönməzlik ifadəsidir. Tarixi qayıdış xalqa, Vətənə bağlılığın, saflıq və müqəddəsliyin doğurduğu ecazkar qüvvə, əlçatmaz yüksəklikdir. Tarixi qayıdış xalqın gücünün və əzəmətinin dirçəlişi deməkdir. Bəli, dahi şəxsiyyət, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin tarixi qayıdışı ilə ölkəmiz əzəmətli dəyişikliklərə, milli dövlətçilik ideyalarının gerçəkləşdirilməsinə nail oldu. Bu, bir həqiqətdir. Məhz Ulu Öndərin səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün ömrünü xalqımızın firavan həyatına, xoşbəxt gələcəyinə sərf etdi, milli dövlətçiliyimizin banisi kimi Azərbaycan xalqının Ümummilli Lideri oldu.

1991-ci ilin oktyabrında Azərbaycan öz müstəqilliyini ən çətin zamanlarında bu, millət, vətəndaş olaraq, vahidlik və müstəqillik yolundan atılmış böyük addımlardan biri idi. Amma müstəqil olmağımıza mane olan hadisələr də cərəyan edirdi. Mənfur düşmən Ermənistanın gizli xisləti və işğalçılıq niyyəti güdən təcavüz planları yenicə müstəqil olan ölkədə vəziyyəti gərginləşdirmişdi. Ölkə daxilində olan xaotik vəziyyət, hakimiyyətə qarşı olan itaətsizlik müstəqilliyi uçuruma doğru yuvarlayırdı. Çətin və çıxılmaz bir vəziyyətdə qalan ölkəni ancaq müdrik hakimiyyət rəhbəri çıxara bilərdi. Bütün ümidləri üzülən xalqın bu cür taleyüklü bir sınağında xalqın səsinə səs verən müdrik insan, böyük siyasətçi Ulu Öndər Heydər Əliyev oldu.

Ulu Öndər ən çətin zamanda dövlətçiliyimizi məhv olmaq təhlükəsindən qorumaqla, ölkəmizdə ictimai-siyasi sabitliyi və vətəndaş həmrəyliyini təmin etməklə bu günümüzə müstəqil Azərbaycan dövlətini bəxş edib. Bununla da ən yeni tariximizdə əbədi yaşamaq hüququ qazandı.

Böyük siyasətçi, müdrik lider məhz həmin zamanlarda heç nədən çəkinmədən bütün baş verə biləcək hadisələri göz önünə alaraq, bir qrup ziyalı ilə Gəncə şəhərinə yola düşüb. Heydər Əliyev bununla da xalqın arxasında olduğunu bir daha sübut etdi. Həmin zaman xalqın çoxsaylı istəyi, eləcə də Milli Məclis üzvlərinin xahişi ilə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə seçilməsinə razılıq verdi. Bundan sonra Azərbaycan sanki ikinci dəfə müstəqil bir ölkə oldu. Milli Məclisdə millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Məclis bu təklifi bəyəndi. O vaxtdan ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir. Bu tarixi hadisədən sonra – 15 iyun Azərbaycanın Milli Qurtuluş Günü oldu. Azərbaycan Respublikasının əlamətdar günlərindən biri olan Qurtuluş Günü 1997-ci ilin 15 iyunundan rəsmi olaraq bayram elan edilib. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilib.

Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin uğurlu siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev cənabları 2003-cü ildən başlanan 19 illik siyasi kursun nəticəsi olaraq, qələbə ilə yekunlaşdı. Bu illər ərzində Azərbaycan tək Qafqazda deyil, eləcə də dünya ölkələri arasında güclü dövlətə çevrildi. Ancaq bütün bu sürətli inkişafa baxmayaraq, ölkənin ürəyində açıq bir yara var idi. Bu Ermənistanın uzun illərdi işğal altında saxladığı – Qarabağ torpaqları idi.

Dövlət başçısı hər dəfə çıxışında bildirirdi ki, “Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaq”. Məhz belə də oldu. Prezident İlham Əliyevin bu illər ərzində əzmkarlığı, qətiyyəti və dönməzliyi, həmçinin müdafiə sahəsinə xüsusi diqqət ayırması 2020-ci ildə həyata keçirilən “Dəmir yumruq” əməliyyatında haqq öz yerini tapdı. Azərbaycan torpaqlarını işğaldan azad etdi. Ötən illərlə müqayisədə artıq ikinci ildir ki, Qurtuluş Günü daha fərqli və qələbə ruhlu keçirilir. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət və “Dəmir yumruq” əməliyyatı nəticəsində 30 ilə yaxın erməni faşizmi tərəfindən işğal altında saxlanılan Qarabağ torpaqları azad edildi. Qurtuluşdan başlanan 30 illik yol zəfər salnaməsi ilə davam etdi.

Prezident İlham Əliyev cənablarının çıxışlarının birində fəxrlə bildirirdi ki, mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. “2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum”.
2020-ci il tarixə Zəfər ili kimi yazıldı. Həmçini, ötən il 15 iyunda «Bir millət, iki dövlət»in Liderləri – Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi”ni imzalamaları ikiqat bayram oldu.

Prezident İlham Əliyev iki qardaş ölkə arasında bağlanan Şuşa bəyannaməsinin vacibliyini xüsusu vurğulayaraq qeyd etmişdir ki: “Bu səfərin tarixi əhəmiyyəti var. Çünki, bu gün imzalanmış birgə Bəyannamə – Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü–özlüyündə hər şeyi göstərir, hər şeyi deyir”.

Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaqdır”.

Bir sözlə Milli Qurtuluş Günündən başlanan yüksəlişin zirvəsi: Tarixi Zəfərimizdir və bu gün hər birimiz, o cümlədən bir gənc olaraq qalib bir ölkənin vətəndaşı olaraq qürurluyam.

Fuad Heydər

YAP Səbail rayon təşkilatının məsləhətçisi