Milli Qurtuluşun mübarək, Azərbaycan!backend

Təsadüfi deyil ki, 15 iyun – xalqımızın Milli qurtuluş günü kimi qeyd olunması müstəqil dövlətçiliyimizin memarı, xilaskarı və qurucusu Heydər Əlirza oğlu Əliyevin adı ilə bağlıdır.  Məhz 29 il əvvəl yəni 1993-cü il 15 iyun tarixində Azərbaycan Ali Sovetinin gündəliyində duran bir məsələ ümumilli lider Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə gətirilməsi dururdu. Bununla da, Azərbaycan dövlətçiliyi quruculuq, sabitlik və inkişaf mərhələsinə qədəm qoydu. Xoşbəxtlikdən Ulu Öndərin hakimiyyətə yenidən gəlişi ilə Azərbaycanı 1920-ci ildəki kimi dövlətçiliyin itirilməsi təhlükəsindən qorudu.

Ölkəmizin tarixində müstəsna yer tutan Milli qurtuluş gününün – siyasi varlığımızın nicatının iyirmi doqquzuncu ildönümünü bütün dünya azərbaycanlıları böyük təntənə və sevinc hissi ilə bayram edirlər. İyirmi doqquz il tarix baxımından böyük müddət olmasa da, bu illər ərzində xaqımız Heydər Əliyev dühasının gücü ilə çoxsaylı problemləri aradan qaldıraraq demokratik, hüquqi və dünyəvi dövlət qurmuş, azad, müstəqil yaşamaq iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirmişdir.

Şanlı tarixə malik xalqımız iyirminci əsrin əvvəllərində öz müqəddəs amalına – müstəqilliyinə qovuşsa da, Ümummilli liderin olmaması və düzgün formalaşdırılmamış xarici siyasət üzündən bu müstəqilliyi qoruyub saxlaya bilməmişdi. Ancaq Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, xalqımız azadlıq əzmini daim qəlbində yaşadaraq, əsrin sonlarına yaxın yenidən dövlət müstəqilliyinə qovuşmuşdur. Müstəqilliyimizin ilk illərində ölkə rəhbərliyinin səriştəsizliyi ucbatından Azərbaycan böyük fəlakətə sürüklənərək, bir dövlət kimi məhv olub dünyanın siyasi xəritəsindən silinməsi təhlükəsi ilə üz üzə qalmışdı. Məhz belə bir ağır məqamda xalqımız  öz ümummilli liderini haraya çağırdı, Ulu Öndər də canınından artıq sevdiyi Azərbaycan xalqının səsinə səs verib və xalqımızın harayına yetişdi. Bu, sözün əsl mənasında, “ömrünün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük şəxsiyyətin öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığının nəticəsi idi. Heydər Əliyevin hakimiyyətə qayıtdığı 1993-cü ilin 15 iyun günü xalqımızın tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Sonralar Azərbaycan Respublikasının Milli Məclisi xalqın ən müxtəlif təbəqələrinin çoxsaylı müraciətlərini və çağırışlarını nəzərə alaraq, bu günü dövlətçiliyimizin qurtuluşunun başlanğıcı kimi dəyərləndirmiş və Azərbaycan xalqının Milli qurtuluş günü elan etmişdir.

Bu təxirə salınmaz qayıdışla Azərbaycan onu gözləyən labüd fəlakətlərdən qurtuldu. Müstəqilliyimizin dönməzliyi və əbədiliyi təmin edildi. Ölkəni dağılmaq və parçalanmaq həddinə gətirib çıxarmış siyasi, dövlət və hakimiyyət böhranı, dövlət çevrilişi cəhdlərinin, terror aktlarının qarşısı alındı.

Ölkədə yaranmış ictimai-siyasi sabitlik dünya dövlətlərinin Qafqazın bu bölgəsinə marağını daha da artırdı. Xəzərin Azərbaycana məxsus sektorunda karbohidrogen yataqlarının istismarına dair dünyanın tanınmış neft şirkətləri ilə müqavilələr imzalandı. Xüsusi ilə, “Əsrin müqaviləsinin” imzalanması Azərbaycana xarici investisiya axını başlatdı.

Geniş miqyaslı hüquqi, siyasi, sosial, iqtisadi islahatlar aparıldı İnflyasiya və devalvasiyanın, tənəzzülün qarşısı alındı, iqtisadi inkişafa başlanıldı. Demokratik dəyərlərin yenidən bərqərar edilməsi yolunda ciddi addımlar atıldı, müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi. Şərqdə  ilk dəfə olaraq, Azərbaycanda ölüm cəzası ləğv edildi.

Xalqını sonsuz məhəbbətlə sevən Ümummilli liderimiz Heydər Əliyev bütün həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Heydər Əliyev siyasi kursunun bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini bildirərək qeyd etmək istərdim ki, müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyev ideyaları işığında möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək zirvələr fəth etdi. Ən əsası Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin vəsiyyətini, Qarabağı düşmən tapdağından azad etdi və şəhidlərin qanını yerdə qoymadı. Bu gün Ulu Öndərin, şəhidlərimizin ruhu şaddı.

Abbas Pənahov,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini