Milli varlığımızın rəmzi – Novruz bayramıbackend

Azərbaycan xalqı üçün onun milli dəyərlərini, ruhunun zənginliyini cəmləşdirən və təzəhhür edən Novruz bayramı olduqca sevimli bayramlardandır. Novruz bayramı xalqımızın müqəddəs etiqadlarına söykənərək, özündə dərin mənəvi – əxlaqi, bədii – estetik, eyni zamanda dünyəvi təsəvvürləri təcəssüm etdirir. Qədim zamanlardan insanlar baharın gəlişini səbirsizlikə gözləyərək, qışın çətinliyindən, dar günlərin, sıxıntılı həyatın sonlamasını və tükənən güclərinin bərpasını arzulayırdılar. Təbiətin oyanışı insanların qəlblərini sevindirərək, onların ürəklərində günəşli sabaha ümidlərini çoxaldardı. Tarixən mədəni köklərimizə, mənəvi qaynaqlara bağlılığı, zəngin adət – ənənələrimizi  ehtiva edən Novruz insanlar arasında mehribançılıq və tolerantlıq, hörmət və diqqət, mərhəmət və şəfqət kimi sağlam təməllər üzərində qurularaq, onlarda saf niyyətlərin bərqərar olmasına xidmət edirdi. Yeniləşməyin, işıqlığın, çiçəklənməyin, yaradışın müjdəsini verən Novruz mahiyyətcə xalqımızın milli varlığı ilə bağlıdır.

Azərbaycan xalqının taleyində Novruz bayramının xüsusi yerini onu etnik özünüdərk, özünütəşkil mexanizmi kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyev olmuşdur, məhz Ulu Öndər bu bayramı milli ideologiyamızın mühüm sütünlarından hesab edirdi. Dahi Liderimiz Novruz bayramının “böyük mənəvi gücünü” vurğulayaraq, onu  “Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadan” hesab edirdi. Bu bayramın xeyirhaqlıq, xoşniyyətli metodologiyası insanlar arasında bir-birinə yaxın olmaq, başqasının qeydinə qalmaq kimi xüsusiyyətlərin təbliğatçısıdır. Novruz bayramı Azərbaycan xalqının həmrəyliyin rəmzidir. “Novruz bizim ümummilli bayramımızdır. Mən hesab edirəm ki, indi artıq müstəqil Azərbaycan üçün bu bayramdan əziz bayram ola bilməz. Ona görə də, bu bizim xalqımızı eyni dərəcədə həm sevindirməlidir, həm həvəsləndirməlidir, həm də birləşdirməlidir” deyən Ümummilli Lider Novruz bayramın xalqın taleyində əvəzolunmaz yerini müəyyən etmişdir.

Heydər Əliyev bu bayramı milli varlığımızın, milli mənliyimizin qoruyucu vasitəsi kimi dəyərləndirirdi. Mərhum Prezidentimiz milli-mənəvi dəyərlərimizin bərpası və qorunub saxlanması işini dövlət səviyyəsinə qaldıraraq, onu dövlətin mədəniyyət siyasətinə çevirmişdir və müstəqil Azərbaycanın memarı dövlətimizin mənəvi təməllərini gücləndirməsində qədim bayramlarımızın rollunu əvəzsiz hesab edərək, onları bərpa etmiş, ümummilli bayram statusu vermişdir. Ulu Öndər Heydər Əliyevin mədəniyyət üzrə siyasətin məntiqi davamı kimi, Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban Əliyevanın təşəbbüsü və vəsatəti ilə Novruz bayramı 2009-ci ildə YUNESCO tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irsin qorunması üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Bununla Azərbaycan xalqının qədim bayramı bir çox mədəniyyət inciləri ilə yanaşı bəşəriyyətin irsinə çevrilərək, dünya xalqları tərəfindən tanınaraq, həm dəyərləndirilir, həm də qorunur.

Dünyaya zəngin, qədim mədəniyyəti ilə səs salmış Azərbaycan xalqı bu gün qalib, məğrur xalq kimi öz səsini dünyaya çatdırır, yenilməzliyini təsdiq edir, torpaqların itirilməməsi ilə barışılmaz mövqeyini nümayiş etdirir. Dünya dövlətləri arasında imzası olan müasir Azərbaycan bu gün söz sahibliyinə malikdir, etibarlı tərəfdaş sayılır, onun gücü və qüdrəti öz hüdudlarından uzaq məsafəyə səs salır. Azərbaycan xalqının qalib xalq olduğu danılmazdır və qalib olmaq statusun səsi-sorağı dünyaya yayılmaqdadır. Artıq üçüncü ildir ki, məğrur xalqımız qədim Novruz bayramını işğaldan azad olunmuş torpaqlarda qeyd edir. Artıq üçünçü bahardır ki, əzəli torpaqlarımızda, doğma Qarabağda, Şərqi Zəngəzurda bayram tonqalları qalanır. Artıq üçüncü dəfədir ki, Ali Baş Komandan, müzəffər sərkərdə İlham Əliyev doğma xalqına Novruz bayramının təbriklərini işğaldan azad olunmuş torpaqlardan səsləndirir. Azərbaycan əsgərinin misilsiz şücayəti, Ali Baş Komandanın müdrik siyasəti və diplomatik mahirəti ilə, məğrur xalqımızın əfsanəvi birliyi, həmrəyliyi ilə 2023-ci ilin yazında otuz illik həsrətdən sonra Zəngilanın Ağalı və Tərtərin Talış kəndlərinin sakinləri Novruz bayramını doğma yurdlarında keçirdirlər. Bu insanların sevincinin hüdudu – sərhədi yoxdur. Uzun otuz il yurd-yuvalarından didərgin düşmüş insanların torpaq nisgili, doğma ocaqdan məhrum qalmaq həsrəti ilə yaşayanlar bu Novruzda geri qayıdıblar. Novruzun mistik təbiəti, səxavətliyi, xeyirə, ədalətə ümid və inamla dolu məzmunu bu gün Böyük Qayıdışla tərənnüm  olunur.

Azərbaycan dövlətinin hər bir vətəndaşı inanırdı ki, gün gələcək Qarabağda həyat dirçələcək, sönmüş çıraqlar yenidən yanacaq, Novruz tonqalları qalancaq. Arzuladığımız, səbirsizlə gözlədiyimiz həmin gün gəlib çatdı. Artıq Qarabağda və Şərqi Zəngəzurda Novruz bayramının ab-havası yaşanır, bayram tonqalları alovlanır, ocaqlarına qovuşan həmvətənlilərimiz bu tonqalların ətrafına yığışırlar. Böyük Qayıdış proqramının gündəliyinə uyğun köç karvanı davam olunacaq və Novruz bayramının nəhəng tonqalları Bütöv Azərbaycanın bütün kənd və şəhərlərində alovlanacaq, bayramın ruzi-bərəkəti Vətənimizin hər bir güşəsinə çatacaq. Bu şərəfli günləri doğma xalqına yaşadan qəhrəman oğullara Allah qəni-qəni rəhmət eləsin!

Yeni Azərbaycan Partiyası Nəsimi rayonunun

Bakı Slavyan Universiteti ərazi təşkilatının sədri

Dosent Sevinc Axundova