Möhtəşəm müsahibəbackend

Azərbaycan Respublikasının Prezident İlham Əliyev 2 oktyabr 2021-ci il tarixində İspaniyanın EFE informasiya agentliyinə geniş müsahibə vermişdir. Həmin müsahibədə çoxsaylı məsələlərə toxunan Müzffər Ali Baş Komandan müharibədən sonrakı dövrün siyasi xəritəsini təsvir etmişdir. Bildirmişdir ki, azərbaycan tərəfi sülh danışıqlarının aparılmasının tərəfdarıdır və həmin danışqlar artıq başlanmışdır. Belə ki, Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazirlərinin müavinləri səviyyəsində əməkdaşlığın formatı mövcuddur və bu format kommunikasiyaların açılması məsələsinə həsr olunub. Eyni zamanda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutub və bu görüş konstruktiv olmuşdur. Azərbaycanın mövqeyi müharibə bitəndən sonra dəyişməz olaraq qalır. Azərbaycan Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyindədir.

Aparılacaq danışıqlar Cənubi Qafqaz regionunda yeni inkişaf mərhələsinin başlanmasının səbəbi olmalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir ki, istənilən zaman Ermənistanın baş naziri Nikol Paşinyanla  danışıqlara hazırdır. Müharibədən öncəki danışıqlar zamanı Azərbaycan yalnız konstruktiv mövqedən çıxış etmişdir. Lakin münaqişə öz həllini tapdıqdan sonra, artıq mövcud olmayan “Dağlıq Qarabağ” adlandırdıqları “qurum”un statusu haqqında danışmaq mənasızdır. Çünki Azərbaycanın ərazisində belə inzibati vahid yoxdur və bu ilin 7 iyul tarixində Prezident İlham Əliyev tərəfindən imzalanmış Fərmanla Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılmışdır.

Azərbaycan ərazisində Rusiya sülhməramlılarının nəzarəti altında yaşayan 25 minə yaxın erməni Azərbaycan vətəndaşıdır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq, ancaq status məsələsinə qayıtmaq mümkünsüzdür.

İşğaldan azad olunmuş ərazilərin bərpası məsələsində beynəlxalq təşkilatların fəallığı və obyektiv mövqeyi böyük rol oynayır. Belə ki, minalamış ərazilərin xəritələri kimi mövzular Avropa İttifaqı nümayəndələri arasında çoxsaylı təmaslarda müzakirə edilir. Avropa İttifaqı yenidənqurma və dinc mühitin yaradılması kimi müxtəlif sahələrdə təcrübəyə malikdir. Eyni zamanda, Aİ delimitasiya prosesində iştirak etmək və hər iki tərəfi razılığa gətirməklə bağlı niyyətini ifadə etdi. Biz bu cür təşəbbüsləri dəstəkləyir və alqışlayırıq.

Bölgədə sülhün bərqərar olmasında Türkiyə və Rusiya faktoru danılmazdır. Türkiyə müharibənin ilk günlərindən etibarən Azərbaycana siyasi və mənəvi dəstək göstərdi. Müharibə bitdikdən sonra Türkiyə və Rusiya gələcək regional inkişafda və sabitlikdə çox mühüm rol oynayırlar. Rusiya və Türkiyə Qarabağ bölgəsinin Ağdam rayonunda birgə monitorinq mərkəzini yaradıblar. Türkiyə və Rusiya Azərbaycanın iki qonşusu kimi, sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar.

Qeyd etmək lazımdır ki, Azərbaycan “3+3” regional əməkdaşlıq platformasına dair Türkiyənin təklifini dəstəkləyir. Çünki ancaq Cənubi Qafqazın üç dövləti arasında və onların qonşuları ilə Türkiyə, Rusiya və İranla fəal regional əməkdaşlıq sülhü və dayanaqlı inkişafı təmin edə bilər. Təəssüf ki, hələ də  Ermənistan bu məsələdə qeyri-konstruktiv mövqe göstərir.

Ermənistan başa düşməlidir ki, Beynəlxalq konvensiyalara əsasən, müharibə əsirləri müharibə zamanı saxlanılmış və ya əsir götürülmüş insanlardır. Müharibə zamanı saxlanılmış bütün şəxslər müharibə başa çatan kimi Azərbaycan tərəfindən dərhal Ermənistana qaytarılıb. Müharibənin başa çatmasından və Ermənistanın kapitulyasiya aktını imzalamasından iki həftə sonra Azərbaycana göndərilən və 62 nəfərdən ibarət olan dəstə dekabrın əvvəllərində, azad oluinmuş ərazilərdə cinayət törətdikləri zamanı yaxalanıblar. Həmin dəstənin üzvləri 4 hərbiçimizi şəhid ediblər.

Yəni, bunlar müharibə əsirləri deyil, terrorçu və diversiya qrupunun üzvləridir.

Ermənistanın digər bir hərbi cinayəti minalanmış sahələrin xəritlərinin bu günə qədər təqdim olunmaması ilə əlaqədardır. Minalanmış ərazilərin xəritələri tərəfimizdən tələb edildikdə, Ermənistan hökuməti ən yüksək səviyyədə bəyan edirdi ki, onlarda belə xəritələr yoxdur. Müharibə bitdiyi bir ilə yaxın dövrdə Ermənistanın xəritələri bizə verməməsi nəticəsində mülki vətəndaş və hərbçilərimiz arasında 150 nəfər həlak olmuş və ya ağır yaralanmışdır. Təqdim olunmuş bəzi xəritələrin dəqiqliyi isə 25 faiz civarındadır. Minaların təmizlənməsi prosesini özümüz həyata keçiririk.

Rəsmi Ermənistan bir şey anlamalıdır ki, Azərbaycanla onların arasında olan güc balansı çoxdan bizim xeyrimizə dəyişib.  Odur ki, beynəlxalq ictimaiyyət regionda yaranmış yeni reallıqları nəzərə almalıdır.

Qərb dövlətləri çox gözəl bilirlər ki, ölkəmiz etibarlı iqtisadi tərəfdaşdır. Bildiyiniz kimi Azərbaycan təbii qazını Avropaya  2020-ci ilin dekabr ayının 31-də ixrac etməyə başladı. Artıq 15 ildir ki, Azərbaycan Avropa bazarında etibarlı neft təchizatçısı kimi çıxış edir. Ölkəmizin təbii qazın qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Cənub Qaz Dəhlizinin vacibliyi həm əlavə qaz həcmləri, həm də enerji təhlükəsizliyi ilə izah olunur.

Ölkəmizdə təbii qazın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrdir ki, bu da  öz istehlakımız və ixrac üçün ən azı 100 ilə kifayət edər. Hazırda yeni yataqların kəşf edilməsi mərhələsi aparılır. Azərbaycanın neft və qaz sektoruna böyük enerji şirkətləri arasında maraq artır. Gələcəkdə təchizat coğrafiyası Avropada Balkanlara və Şərqi Avropanın bir sıra digər ölkələrinə qədər genişləndirməyi nəzərdə tuta bilərik.

Elnur Əlizadə – Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Nərimanov rayonun fəal gənci