Möhtəşəm yüksəliş dövrübackend

Cari ilin aprel ayının 11-də Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin yenidən prezident seçilməsindən dörd il ötür. Bu dörd il Azərbaycan dövlətinin tarixinə qızıl hərflərlə yazılmışdır. Prezident İlham Əliyev 2018-ci il 11 aprel tarixli andiçmə mərasimindəki çıxışında demişdir:

“Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var… Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.

– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki idi.  Seçki marafonunda 8 namizəd iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Xalq prezidentə ona görə təkrar etibar etdi ki, Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçmiş, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənmiş, dövlətimiz qüdrəti və iqtisadiyyatı daha da artmış, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir.

2018-ci ilin aprel ayının 11-də keçirilmiş prezident seçkilərinə verilən beynəlxalq qiymət onu göstərir ki, xalqımız öz prezidentinə inanaraq səs vermişdir. Böyük Britaniya parlamentinin üzvü Lord Devid Çarlz Evans prezident seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq demişdir: “Seçicilərin fəallığı çox yüksəkdir. Biz bir neçə seçki məntəqəsində olmuşuq. Proses qanunvericiliyə uyğun, demokratik şəraitdə davam edir. Bunlar deməyə əsas verir ki, Azərbaycanda prezident seçkiləri mükəmməl təşkil olunub”.

İlk dəfə 2003-cü ildə prezident seçilən İlham Əliyev 2018-ci ilə qədər həyata keçirdiyi xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır.

Məhz 2018-ci ildə keçirilmiş seçkilər bir daha göstərdi ki, radikallara Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Bu səbəbdən də 2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu.

Eyni zamanda həmin dövr həm də Azərbaycanın iqtisadi yüksəliş dövrüdür. “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərl” ər– fikri səsləndirən Prezident İlham Əliyev davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir. 2003-2018-ci illər ərzində ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşmışdır. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi isə altı dəfə artmışdır. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olmuşdur.

Həmin  illər ərzində əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artmışdır. 1 958 400 yeni iş yeri açılmış, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilmişdir. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə endirilmiş, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunmuşdur. Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artmışdır. Sosial infrastruktur inkişaf etmiş, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilmiş və təmir edilmişdir. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılmışdır.

2003-2018-ci illər ərzində Azərbaycan qlobal rəqabətlilik indeksinə görə dünyadakı mövqeyini xeyli gücləndirmişdir. Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 35-ci pillədə qərarlaşmış və MDB məkanında liderliyini qoruyub saxlaya bilmişdir. Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınır. Həmçinin, ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olmuşdur. Ölkə ərazisində internetin tətbiqi genişləndirilmiş və internet istifadəçiləri əhalinin 78 faizini təşkil edib. İKT sektorunun iqtisadiyyatda payı 3,7 dəfə artmışdır.

15 il ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər və sahibkarların öz vəsaiti hesabına minlərlə yeni müəssisə yaradılmışdır və qeyri-neft sektorunun inkişafı təmin edilmişdir. İqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf etmişdir. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və ölkə böyük gəlirlər əldə etməyə başladı. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir. 2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan, 40 mlyard dollar sərmayə qoyulan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olmuşdur.

Prezident İlham Əliyev milli ideya ətrafında xalqı birləşdirmiş və azərbaycançılıq məfkurəsi ölkədə tam bərqərar olmuşdur. 15 ildə  Azərbaycan Ordusu sürətli inkişaf dövrü keçmiş, təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından güclü ordular sırasına daxil olmuşdur. 2016-cı ilin aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.

İlham Əliyev 15 il ərzində Azərbaycanı elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevirdi. Həmin illər ərzində ölkədə böyük infrastruktur layihələr reallaşdırıldı. Ölkə daxilində enerji təminatı əsaslı şəkildə yaxşılaşdı və 30-dan çox elektrik stansiyası tikildi ki, onların da generasiya gücü 3900 meqavata bərabərdir. Həmin illər ərzində ölkəmizdə 15 min kilometr yeni yol çəkilişi təmin edilmişdir. Yeddi aeroport tikilmiş, onlardan altısı beynəlxalq statusa malikdir. Xəzər dənizində ən böyük yeni ticarət limanın inşası başlanmış, dəmir yolu infrastrukturu isə yenilənmişdir.

Bu illər ərzində su təchizatı məsələləri də əsasən öz həllini tapmışdır. Belə ki, 2004-cü ildə Bakının su təchizatı ilə bağlı ciddi problemləri vardı. O vaxt Bakı sakinlərinin 29 faizi içməli su ilə təmin olunurdu. 2018-ci ildə bu rəqəm 81 faizə çatdırıldı. Əgər ölkə üzrə 2004-cü ildə əhali təqribən 20 faiz içməli su ilə təmin olunurdusa, 2018-ci il üçün bu rəqəm 67 faizə çatdırıldı. Həmin illərdə kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya tədbirləri həyata keçirilmiş, dörd böyük su anbarı tikilmiş və hər il 100 mindən çox hektara yeni su mənbəyinin gətiliməsi təmin olunmuişdur.

Nurlan Əliyev – Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Nərimanov rayonun fəal gənci