Müharibənin gedişatının bizim xeyrimizə olmasını… – ŞAHİN İSMAYILOV YAZIRbackend

2020-ci il noyabrın 10-na keçən gecə Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə Bəyanat imzaladılar. Azərbaycanın qalibiyyətini bildirən bu sənəd Ermənistanın kapitulyasiya aktı idi.

İctimai.az xəbər verir ki, bu sözləri Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov özünün rəsmi feysbuk səhifəsində qeyd edib.

“Müzəffər Ali Baş Komandan müharibə dövründə bildirmişdi ki, Ermənistan rəhbərliyi işğal altında olan rayonların boşaldılması ilə bağlı cədvəl təqdim etsə müharibəni dayandırmağa hazırıq. Nəhayət, döyüş meydanında məhv olan düşmən kapitulyasiya aktına imza atdı və Azərbaycanın tarixi qələbəsi ilə torpaqlarımız işğaldan azad edildi.

Azərbaycan dövləti bu torpaqların əsl sahibi olaraq işğaldan azad edilən ərazilərimizi çiçəkləndirəcək. Hələ Vətən müharibəsi davam etdiyi dövrdə başlayan və müharibə bitdikdən sonra sürətli şəkildə həyata keçirilən işlər bunun bariz nümunəsidir.

Müharibənin gedişatının bizim xeyrimizə olmasını Ali Baş Komandanın uzaqgörən siyasəti və liderliyi , ordumuzun gücü və polad iradəsi, xalqımızın qələbə əzmi və müdrikliyi, dost ölkələrimizin mənəvi dəstəyi, milli diplomatiyamızın uğurları, qısaca Azərbaycan dövlətinin uğurlu daxili və xarici siyasəti ilə əlaqədardır.

Azərbaycan xalqı qələbənin əldə edilməsi üçün öz canından keçən Şəhidlərimizi daim yaşadacaq, hər zaman Şəhid ailələri və qazilərin diqqətdə saxlanmasını təmin edəcək”.