İctimai.az Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılovun Azərbaycan qəzetində dərc olunan “Müqəddəs amala aparan yol: Qurtuluşdan Zəfərə” sərlövhəli məqaləsini təqdim edir:
“Beş il öncə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli sərkərdəliyi ilə rəşadətli ordumuzun şücaəti nəticəsində xalqımızın 30 illik həsrətinə son qoyuldu və ərazi bütövlüyümüz bərpa edildi. 2023-cü ilin sentyabrında isə ordumuz tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri dövlət suverenliyimizin tam təmin edilməsi ilə nəticələndi.
Azərbaycan xalqının birliyinin, həmrəyliyinin, ölkəmizin qüdrətinin təntənəsi olan bu Zəfər hər bir vətəndaşımızın fədakar əməyinin, dövlətinə və Vətəninə olan sarsılmaz sevgisinin parlaq təzahürüdür.
Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, işğalçılıq siyasəti, hərbi təcavüzü bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi, minlərlə insanın həyatını itirməsi, mədəni və tarixi irsimizə, iqtisadiyyatımıza böyük zərbə vurulması, şəhər və kəndlərimizin viran edilməsi ilə nəticələndi. 1990-cı illərin əvvəllərində ölkəmizdə hakimiyyətdə olanların səriştəsizliyi, hökm sürən özbaşınalıqlar, ağır iqtisadi, siyasi böhran fonunda Ermənistanın işğalçılıq siyasəti xalqımız üçün daha ağır nəticələrə səbəb ola bilərdi.
1993-cü ildə Azərbaycan xalqı böyük müdriklik nümayiş etdirərək dahi şəxsiyyət Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etməklə öz qurtuluşunu təmin etdi. Ulu Öndər ölkəmizi bütün sahələrdə inkişaf və tərəqqi yoluna çıxardı. Eyni zamanda ordu quruculuğu istiqamətində geniş islahatlar reallaşdırıldı, qısa müddət ərzində nizami hərbi birləşmələrin formalaşdırılması istiqamətində əsaslı addımlar atıldı.
Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin Azərbaycanın gələcəyinin təminatçısı olduğunu vurğulayan Prezident İlham Əliyev bu yola sadiq qalaraq, xalqımızı böyük zəfərlərə doğru inamla apardı. Dövlətimizin başçısının müəyyənləşdirdiyi uzunmüddətli inkişaf strategiyası əsasında ardıcıl islahatların həyata keçirilməsi, müasir və çevik iqtisadi idarəetmə modellərinin tətbiqi nəticəsində ölkəmizdə iqtisadi dayanıqlılıq və inklüziv inkişaf uğurla təmin edildi. “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan milli enerji strategiyamıza uyğun olaraq Avropa qitəsinin enerji xəritəsini yenidən formalaşdıran nəhəng enerji layihələri uğurla icra edildi. Azərbaycan dünyada güclü dövlət, etibarlı tərəfdaş kimi mövqelərini möhkəmləndirdi.
Çoxşaxəli və praqmatik xarici siyasət yürüdərək beynəlxalq təşkilatlarla əməkdaşlığını gücləndirən Azərbaycan bir sıra nüfuzlu təsisatlar tərəfindən ərazi bütövlüyümüzü tanıyan qərarların qəbul edilməsinə nail oldu.
Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, məsələnin sülh yolu ilə nizamlanması üçün səylər göstərən ölkəmiz bu illər ərzində torpaqlarını öz gücü ilə azad etməyə qadir olan qüdrətli ordu formalaşdırdı. Ali Baş Komandanın birbaşa rəhbərliyi ilə peşəkar hərbçilərin hazırlanması, ordumuzun arsenalında olan hərbi texnikanın müasir standartlara uyğunlaşdırılması, müxtəlif ölkələrdən silah tədarükü, dünya təcrübəsinin öyrənilməsi istiqamətlərində addımlar atıldı.
Vurğulanmalı olan digər önəmli məqam gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi idi ki, dövlətimiz tərəfindən bu sahədə də mühüm işlər həyata keçirildi. Bununla xalqımızın milli həmrəyliyi təmin olundu. Prezident-xalq-ordu birliyindən qaynaqlanan güc döyüş meydanında tarixi Zəfərimizi şərtləndirdi.
44 gün ərzində yalnız irəli addımlayan ordumuz torpaqlarını qarış-qarış düşməndən azad etdi. Prezident İlham Əliyev informasiya cəbhəsində aparılan mübarizəyə birbaşa rəhbərlik etdi. Dünyanın aparıcı KİV-inə müsahibələr verən Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi, əsaslandırılmış fikirləri bu istiqamətdə də mütləq qələbəmizi şərtləndirdi.
Ermənistan noyabrın 9-dan 10-na keçən gecə Azərbaycanın şərtləri əsasında təslim aktına imza atmağa məcbur oldu. Noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Təbii ki, “Dəmir yumruq” əməliyyatının gücü nəticəsində Ağdam, Laçın və Kəlbəcərin bir güllə belə, atmadan azad olunması böyük uğur idi. Çünki Ağdamda düşmənin qurduğu istehkamlar, Kəlbəcər və Laçının relyefi hərbi əməliyyatlar zamanı burada itkilərimizin çox olmasına səbəb ola bilərdi.
Beləliklə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və qətiyyətli siyasəti nəticəsində ordumuz şərəfli missiyanı uğurla icra etdi, Zəfər Günü Azərbaycan təqviminə qızıl hərflərlə yazdı.
Bu gün rəşadətli Azərbaycan Ordusu suveren ərazilərimizdə böyük şərəflə xidmət edir, torpaqlarımızın etibarlı müdafiəsini uğurla həyata keçirir. Azad şəhər və kəndlərimizdə dünyanın ən nəhəng quruculuq proseslərindən biri həyata keçirilir. Artıq 50 mindən çox insan Qarabağda və Şərqi Zəngəzurda yaşayır və çalışır. Azərbaycan bayrağı bütün suveren ərazilərimizdə qürurla dalğalanır”.













