Müşfiq Cəfərovun namizədliyi təsdiqlənibbackend

Gənclərin dostu Müşfiq Cəfərovun namizədliyi təsdiqlənib. 

İctimai.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə təqdim etdiyi namizədlər siyahısında nəzərləri cəlb edən şəxslərdən biri də 39 Saylı Kəpəz (Gəncə) Birinci Seçki Dairəsindən namizədi Müşfiq Cəfərovdur.

Müşfiq Cəfərov gənc olmasına baxmayaraq, zəngin tərcümeyi-hala və böyük təcrübəyə sahibdir.

1981-ci il 26 iyulunda Gəncə şəhərində anadan olan Müşfiq Cəfərov Azərbaycan Kənd Təssərüfatı Akademiyasının (hal-hazırda Azərbaycan Dövlət Aqrar Universiteti) “mühəndislik və menecment iqtisadiyyatı” fakultəsinin “aqrar istehsalatı iqtisadiyyatı və idarəedilməsi” ixtisası üzrə bakalavr pilləsini bitirib.

Daha sonra həmin fakültənin istehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi ixtisası üzrə magistr pilləsinə qəbul olub.

1999-cu ildən başlayaraq ictimai işlərdə fəallıq göstərib. 20 il ölkə səviyyəsində, 18 il isə beynəlxalq səviyyədə gənclərin vətəndaş cəmiyyətinin inkişafına istiqamətləndirilmiş layihələrin icrasında, o cümlədən, gənclərin məşğulluğunun artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb olunması işində geniş təcrübəsi var.

60-dan çox ölkədə gənclərlə bağlı müxtəlif forumlarda, konfranslarda, treyninq və seminarlarda iştirak edib. 40-dan çox kiçik və iri miqyaslı layihələrin müəllifi və icraçısı olub.

2000-ci ildə təsis edilmiş “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin (bundan sonra Birlik) həmtəsisçisidir. 2000-2011-ci illərdə Birliyin idarə heyətinin üzvü, sədr müavini, sədr vəzifələrində çalışıb.

2007-ci ildə Avropa Şurasının “Fəal Gənc Vətəndaş” Mükafatına layiq görülüb.

2010-cu ilin yanvar ayından 2011-ci ilin iyun ayınadək “Beynəlxalq Əmək Təşkilatı”nın Azərbaycanın Qərb bölgəsində həyata keçirdiyi “Qadın Sahibkarlığının İnkişafı” layihəsində yerli əlaqələndirici vəzifəsində çalışıb.

2011-ci ilin iyun ayında ABŞ Dövlət Departamentinin “Hubert Hamfri” Proqramı çərçivəsində “Dövlət İdarəçiliyi” üzrə ABŞ-ın Minnesota Universitetinə daxil olub və 2012-ci ildə həmin universiteti müvəffəqiyyətlə bitirib. Proqramı uğurla başa vurduğu üçün ABŞ-ın sabiq prezidenti Barak Obama və baş katibi Hilari Klintonun imzası olan sertifikatla mükafatlandırılıb.

2012-ci ilin avqust ayından 2013-cü ilin fevral ayınadək Oğuz rayonunda yerləşən beş ulduzlu “AFRA” otelində icraçı direktor vəzifəsində çalışıb.

2013-cü ilin mart ayından “Gəncə şəhəri Gənclər və İdman Baş İdarəsi”nin rəisi vəzifəsində çalışır; son 7 ildir ki, “Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi”nə rəhbərlik edir. Gənclər və idman işinin inkişafında həyata keçirdiyi ən böyük layihələr sırasına – Gəncə şəhərinin 2016-cı ilin “Avropa Gənclər Paytaxtı” və 2019-cu ilin “Avropa İdman Şəhəri” seçilməsi olmuşdur.

2017-ci ilin yanvar ayının 30-da Azərbaycan Respublikasında gənclərlə iş sahəsində əldə etdiyi uğur və nailiyyətlərə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

2015-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin “Sosial investisiya strategiyalarının kənd təsərrüfatı məşğulluğunun yüksəldilməsinə təsiri” mövzusunda doktorluq dissertasiyası üzərində iş aparır, elmlər namizədidir.

Hal-hazırda Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində çalışır, ixtisas dərəcəsi kiçik müşavirdi.

Türk, Rus və İngilis dillərini bilir.

Ailəlidir, dörd övladı var.

Ekspertlər 39 Saylı Kəpəz (Gəncə) Birinci Seçki Dairəsi üzrə Müşfiq Cəfərovun şanslarını yüksək qiymətləndirirlər.

İctimai.az