Müşfiq Səfərov: AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdurbackend

Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib. Bu qərar AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verilib.

AŞPA-nın ölkəmizlə bağlı qərəzli mövqeyi həmin təşkilatın insan hüquq və azadlıqlarının müdafiəçisi olmasının yalan üzərində qurulduğunu bir daha təsdiqlədi. Əksinə, bu qərəzli münasibət qurumun insanların taleyi ilə oynadığının, vətəndaşların hüquqlarını qəsdən pozmasının bariz nümunəsidir. Azərbaycan müstəqil, suveren, demokratik və multikultural bir dövlətdir. Ölkəmiz 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra demokratik prinsiplərin inkişafına xüsusi önəm verib, insan hüquqlarının müdafiəsi və qanunun aliliyinin təmini istiqamətində əhəmiyyətli uğurlar qazanıb. Bütün bunları görməmək siyasi korluqdur.

Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. 2001-ci ildən 2020-ci ilə qədər AŞPA-nın, eləcə də 30 ilə yaxın müddətdə BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu bir qurumun edə bilmədiyini Azərbaycan cəmi 44 gün ərzində yerinə yetirdi. Azərbaycanla Ermə­nistan arasında münasibətlərin normal­laşması isə kənardan bölgəyə müdaxilə cəhdlərinin qarşısını tam şəkildə ala bilər. Odur ki, öz maraqlarını təmin et­məyə çalışan Fransa, Almaniya, ABŞ kimi dövlətlər regionda öz müstəqil si­yasətini aparmağa çalışan yeganə döv­lət kimi Azərbaycana qarşı yeni təzyiq mexanizmlərini işə salmağa çalışırlar. Azərbaycan nümayəndə heyətinin səs­vermə hüququnun müvəqqəti məhdud­laşdırılması cəhdləri də bu ssenarinin bir hissəsidir.

Azərbaycan xalqı artıq anlayır ki, demokratiya, insan haqları, ədalət kimi yüksək pafoslu “Avropa dəyərləri­nin” arxasında məkrli niyyətlər və güc mərkəzləri hesab edilən dövlətlər tərə­findən Afrikanın, Asiyanın və bütün zəif dövlətlərin əsrlər boyu əsarət altında saxlanmasını təmin edən neo-imperia­lizm siyasəti dayanır. Avropa siyasətinin əsl mahiyyəti irqçilik, etnik-dini təəssüb-keşlik, qızışdırıcılıq və sümürgəçilikdir. Bütün bunlar Azərbaycanın öz ərazisin­də təmin etməyə səy göstərdiyi azadlıq, istiqrar və ləyaqətli həyat məqsədləri ilə daban-dabana ziddir. AŞPA-nın yürüt­düyü siyasət Azərbaycanın öz milli ma­raqları çərçivəsində aparmağa çalışdığı siyasətlə uzlaşmır, əksinə toqquşur. Əslində Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir. Təsadüfi deyil ki, sözügedən qurum müxtəlif ölkələrin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkofob təfəkkürlü nümayəndələrinin düşərgəsinə çevrilib.

Fransa Almaniyanın əli ilə AŞPA-nı ölkəmizə qarşı yönləndirir. Zatən AŞPA-nın Azərbaycana mövqeyi bəllidir. Rəsmi Bakı AŞPA-ya üzv olandan, yəni 2001-ci ildən indiyədək bu təşkilatdan ermənipərəst mövqe görüb. Bu mövqe indi də var və bu, AŞPA-nın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi tələbi, müzakirə zamanı nümayəndə heyətimizin səsvermə hüququnun məhdudlaşdırılması məsələsində bir daha özünü büruzə verdi. Amma fakt budur ki, AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur və bu, öz suverenliyi və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı sadəcə qisas cəhdidir. Azərbaycan üçün isə artıq bu gün AŞPA-ya üzv deyə bir problem olmadığı üçün təşkilatın sözügedən təzyiq cəhdi sıfıra bərabərdir.

 

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri