Müşfiq Səfərov: Azərbaycan özünün xarici siyasət kursunda Rusiya ilə dövlətlərarası əlaqələrin inkişafına xüsusi əhəmiyyət vermişdir.backend

Ulu Öndər Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Vladimiroviç Rusiya ilə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsinin əsasını qoymuşdular

Məlumdur ki, 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının rəhbərliyinə qayıdışından sonra, Rusiya ilə Azərbaycan arasında münasibətlərin normal inkişaf məcrasına yönəldilməsinə mane olan bütün problemlərin həlli üçün Azərbaycan tərəfdən ardıcıl addımlar atılmağa başlandı. İyun ayının 15-də Milli Məclisdə Parlamentin sədri kimi ilk çıxışında Heydər Əliyev bildirdi ki, Azərbaycan bütün dövlətlərlə, o cümlədən özünün şimal qonşusu olan Rusiya ilə bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında qarşılıqlı münasibətlər qurmalıdır. 1993-cü il sentyabr ayının əvvəllərində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Heydər Əliyevin Moskvaya işgüzar səfəri zamanı Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərinin hərtərəfli inkişafı üçün geniş müzakirələr aparıldı, əvvəlki illərdə buraxılmış səhvlərin aradan qaldırılması, iki ölkə arasında etimadın bərpası və sıx əməkdaşlığın inkişafı naminə zəruri tədbirlərin həyata keçirilməsi haqqında razılıq əldə olundu. Rusiya və bütün MDB ölkələri ilə qədim tarixi ənənələrə malik siyasi, iqtisadi-mədəni əlaqələri bərpa etmək müstəqil dövlətlərin ortaq mənafelərinə uyğun, yeni prinsiplər əsasında inkişaf etdirmək, həmçinin, keçmiş SSRİ məkanında, bütün beynəlxalq aləmdə öz dövlət maraqlarını daha səmərəli qorumaq məqsədilə Azərbaycan 1993-cü il sentyabr ayının 24-də Müstəqil Dövlətlər Birliyinə daxil oldu. Beləliklə, 1993-cü ilin ikinci yarısından etibarən Azərbaycan Rusiya ilə qarşılıqlı əlaqələrin dinamik inkişafına geniş yol açan xarici siyasət yeritməyə başladı. Bunun ardınca Azərbaycan Respublikası öz mövqeyini konkret addımlarla təsdiqlədi. 1994-cü il sentyabr ayının 20-də imzalanmış “Əsrin müqaviləsi”ndə, eləcə də, növbəti neft kontraktlarında Rusiyanın “Lukoyl” neft şirkətinə müvafiq pay ayrılması, ölkə neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql olunması haqqında qərarın qəbul edilməsi və uğurla həyata keçirilməsi, Rusiyanın digər şirkətlərinin əməkdaşlığa dəvət olunması Azərbaycanın bu ölkə ilə qarşılıqlı faydalı prinsiplər əsasında mehriban qonşuluq münasibətlərini genişləndirmək əzminin təzahürü idi.

Sonrakı dövrdə də Azərbaycan özünün xarici siyasət kursunda Rusiya ilə dövlətlərarası əlaqələrin inkişafına xüsusi əhəmiyyət verirmişdir. 1997-ci il iyul ayının 3-də Prezident Heydər Əliyevin Moskvaya rəsmi səfəri zamanı Azərbaycanla Rusiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə imzalandı. Bu sənəd ikitərəfli əlaqələri hər iki dövlətin milli maraqlarına uyğun olaraq yüksək səviyyəyə qaldırmaq üçün geniş hüquqi baza yaradırdı, lakin təəssüflə qeyd olunmalıdır ki, Azərbaycan rəhbərliyinin xoşməramlı ardıcıl səyləri özünün ziddiyyətli siyasətini davam etdirən Rusiya tərəfindən adekvat qiymətini almırdı. Rusiyanın Cənubi Qafqaz siyasəti, Azərbaycana münasibəti köhnə stereotiplərdən xilas ola bilmirdi. Bu isə, özünü Rusiya tərəfindən gizli surətdə işğalçı Ermənistana dəyəri 1 milyard dollardan artıq silah verilməsində, Azərbaycanın Çeçenistana guya dəstək verməsində əsassız olaraq ittiham edilməsində, Xəzərin hüquqi statusuna dair ciddi fikir ayrılığında, müxtəlif dövrlərdə müəyyən bəhanələrlə Azərbaycanın nəqliyyat-kommunikasiya xətlərinin Rusiya tərəfindən blokadaya alınmasında və s. göstərirdi. Yalnız 2000-ci ildə Vladimir Putinin hakimiyyətə gəlişindən sonra, Rusiyanın xarici siyasətində, o cümlədən Azərbaycan ilə münasibətlərində praqmatik meyllər öz təzahürünü tapmağa başladı. 2001-ci ilin 9-10 yanvar tarixində Rusiya prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri Azərbaycan – Rusiya münasibətlərinin inkişafında yeni mərhələ oldu. Bu, müstəqillik dövründə Rusiya prezidentinin Azərbaycana ilk səfəri idi. Rusiyanın mövcud geosiyasi reallıqları obyektiv qiymətləndirərək Azərbaycan ilə qarşılıqlı münasibətlərin bərabərhüquqlu prinsiplərəsasında inkişaf etdirilməsinin zəruriliyi mövqeyindən çıxış etməsi hər iki dövlətin milli mənafelərinə uyğun olmaqla yanaşı, qarşılıqlı münasibətlərdə yeni mərhələnin başlanmasına təkan verdi. Prezident Vladimir Putinin Bakıda Prezident Heydər Əliyevlə keçirdiyi görüşlərdə və nümayəndə heyətləri arasında aparılan danışıqlarda qarşılıqlı əməkdaşlığın bütün sahələri, habelə, regional təhlükəsizlik, strateji sabitlik, qarşılıqlı maraq doğuran mühüm beynəlxalq məsələlər geniş müzakirə olundu. Rusiya prezidenti etiraf etdi ki, iki ölkə arasında anlaşıqlı siyasi və iqtisadi münasibətlərin olmaması qarşılıqlı münasibətlərdə soyuqluq yaratmışdır. Buna görə də, ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açmaq üçün bütün potensial imkanlardan səmərəli istifadə etmək lazımdır. Danışıqlardan sonra iki ölkə prezidentləri tərəfindən imzalanmış Azərbaycan-Rusiya münasibətlərinin əsas prinsiplərini əks etdirən Bakı bəyannaməsi və Xəzər dənizində əməkdaşlığın prinsipləri haqqında birgə bəyanat, habelə, hökumətlərarası sazişlər qarşılıqlı əlaqələrin inkişafında yeni perspektivlər açdı. Xəzərin yeni hüquqi statusunun sahilyanı dövlətlər tərəfindən hazırlanıb qəbul edilməsinədək dənizin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi haqqında, vergi qanunvericiliyi, beynəlxalq avtomobil nəqliyyatı, informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığa dair və s. razılaşmalar əldə edildi. Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Azərbaycana səfərindən dərhal sonra əldə olunmuş razılaşmaların həyata geçirilməsi üçün konkret tədbirlər görülməyə başlandı. İl yarımlıq fasilədən sonra, 2001-ci ilin aprel ayında Moskvada keçirilmiş iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın işində bir sıra problemlərin həll olunması və əlavə beş sazişin imzalanması Azərbaycan – Rusiya münasibətlərinin dinamik surətdə inkişafına təkan verdi.

Bu illər ərzində əldə olunmuş nailiyyətlər onu deməyə əsas verir ki, hər iki ölkə arasında mövcud əlaqələri daha da inkişaf etdirmək üçün ortada möhkəm iradə və əzm vardır. Bu da öz növbəsində xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, regionda sülhün təmin olunmasına töhfə verəcəkdir.

 

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri