Müstəqil Azərbaycan Respublikası Cümhuriyyətin siyasi və mənəvi varisidirbackend

104 il öncə, Azərbaycan dövləti və xalqı üçün müsəlman şərqində ilk demokratik dövlət quruluşu kimi Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmişdir. 1918-ci il mayın 28-də Azərbaycanın tərəqqipərvər siyasi elitası, müdrik şəxsiyyətlərinin əsasını qoyduğu cümhuriyyət cəmi 23 ay mövcudluğunu qoruya bilsə də, 70 il sonra xalqımızın yenidən müstəqillik hərəkatına atılaraq öz müstəqilliyini təmin etməsinə hüquqi əsas yaradıb. 28 may günü Azərbaycan xalqının tarixinə parlaq səhifə kimi əbədi daxil oldu. Bu gün qürurla 44 gün davam edən tarixi Vətən müharibəsindən Qələbə ilə ayrılan Azərbaycan xalqı ikinci dəfədir ki, 28 May – Müstəqilliyimiz Gününü qürurla qeyd edir. Həmçinin Müstəqilliyimiz Günü erməni işğalından azad edilən torpaqlarımızda da bu bayram qeyd olunur.

1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Ulu öndər Heydər Əliyev deyirdi: «Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir».

1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Əsası ümumilli lider tərəfindən qoyulmuş və hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurlu həyata keçirilən xarici siyasət strategiyası dövlətlərarası əlaqələrə daha yaxından qatılaraq regionda, eləcə də dünyada baş verən əsas iqtisadi, siyasi və mədəni proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirərək mənafelərini qoruyur. 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi ilə bağlı Prezident İlham Əliyev həmin ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamlar imzaladı. 2018-ci ilin ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması Azərbaycan xalqının iradəsinin təzahürü, dövlətçiliyimizin – respublika tariximizin dünyaya növbəti siyasi-diplomatik təqdimatıdır.

Prezident İlham Əliyev çıxışlarında AXC-nin Azərbaycan xalqı üçün tarixi hadisə olduğunu bildirmişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Xalqımız üçün tarixi hadisə idi. Ona görə ki, Azərbaycan xalqı əsrlər boyu arzuladığı müstəqilliyə qovuşurdu”.

Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. 30 il arzusunda olduğumuz Qarabağ həsrətə 8 noyabr, 2020-ci il Şuşanın azad olunduğu və onun ardınca 10 noyabrda son qoyulduğu gün aldıq! Bir sözlə, Qalib Sərkərdə İlham Əliyevin dediyi kimi – «Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdiyi gündür. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq».

Fuad Heydər

YAP Səbail rayon təşkilatının məsləhətçisi