Müstəqil Azərbaycanın şanlı 19 ilibackend

Prezident İlham Əliyevin birinci müddətə Prezident seçilməsindən 19 il ötür. İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76.8 faiz səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. Müasir tariximizə möhtəşəm 19 il kimi yazılan bu dövrdə Azərbaycan misilsiz inkişaf yolu keçib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb, ölkəmizin beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirib.

Ölkə əhalisinin 1993-cü ilin oktyabrında tam yekdilliklə inam və etimad göstərdiyi ulu öndər Heydər Əliyev 30 ildən artıq bir müddətdə öz xalqına və dövlətinə canı, qanı ilə xidmət edən dahi dövlət xadimi, dünyanın ən üzdə olan, nəhəng siyasi liderlərindən biri idi. Bu liderlik həmin dövrdə qeyri-müəyyənlik içində çapalayan keçmiş sovet respublikaları üçün məktəb sayılırdı. Təsadüfi deyil ki, bir çox dünya liderləri kimi, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də məhz bu tarixi reallığı əsas götürərək 2003-cü ildə ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolunu “postsovet məkanının siyasətçiləri üçün məktəb” adlandırıb. Bu baxımdan Vladimir Putinin məktəb adlandırdığı dahi rəhbər Heydər Əliyev təcrübəsinə ən yaxından bələd olan, bir çox məqamlarda isə onun ən etibarlı silahdaşı kimi xüsusi xidmətləri ilə yadda qalan İlham Əliyevə etimad göstərilməsi, onun dövlət başçısı seçilməsi tamamilə gözlənilən məntiqə uyğun idi.

1994-cü ildən ölkəmizdə gedən ən mühüm iqtisadi və ictimai-siyasi proseslərdə yaxından iştirak edən İlham Əliyev neft və qaz, idman sahələrində, eyni zamanda, parlamentdə, Avropa Şurasında və Baş nazir kimi fəaliyyəti dövrlərində hər zaman ulu öndər Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirmiş, xalqın böyük rəğbətini, dəstəyini qazanmışdı. Əlbəttə, bütün bu fəaliyyətin nəticəsi idi ki, xalqımız 2003-cü ildə keçirilən prezident seçkilərində İlham Əliyevə etimad göstərdi, onun Heydər Əliyev siyasətinə sadiq qalacağına və bu siyasəti davam etdirəcəyinə inamını ifadə etdi.

Prezident İlham Əliyev on doqquz illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Artıq dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı kifayət qədər çoxdur. Bu gün Azərbaycan müxtəlif dövlətlərlə, o cümlədən Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə müxtəlif formatlarda əlaqələr qurulur və inkişaf etdirilir.

Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illər sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.

Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada irimiqyaslı layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi tanınır. Belə ki, 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin istifadəyə verilib, 2014-cü ildə Avropanın enerji təhlükəsizliyində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyulub. 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. TAP layihəsi ilə bağlı işlər isə uğurla davam etdirilir. Həmçinin “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılıb.

Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb. Ötən il Bakı–Tbilisi–Qars dəmir yolu istifadəyə verilib. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib.

Bu gün Azərbaycan artıq dünyada sayı məhdud olan kosmik ölkələr sırasındadır. 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1”, 2014-cü ildə ikinci – Yer səthini müşahidə edən “Azersky” peyki, bu il isə daha bir telekommunikasiya peyki – “Azerspace-2” orbitə çıxarılıb.

Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb. Bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri hazırda dünyada ən güclü 50 ordu sırasında yer tutur.

2020-ci ildə qazanılan tarixi qələbə, 30 ilə yaxın müddətdən sonra işğal altında olan torpaqlarımızın işğaldan azad olunması məhz Ali Baş Komandan İlham Əliyev və Müzəffər Azərbaycan Ordusunun adı ilə bağlıdır. “Dəmir yumruq” düşmənin belini qırdı, onları kapitulyasiya imzalamağa məcbur etdi. Azərbaycan xalqı öz prezidentinə güvəndi, bir oldu və bu birlik qələbəmizdə müstəsna rol oynadı.

Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir. Dövlətimizin başçısı İlham Əliyevin 19 illik prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Tam əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə qazandığı bu misilsiz uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir.

Rəşad Bayramov

“İctimai.az” İnformasiya portalının rəhbəri

Yeni Azərbaycan Partiyasının üzvü, YAP Nəsimi rayon təşkilatı ƏPT sədr müavini