“Müstəqilliyinin 30 ilində Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər” mövzusunda beynəlxalq simpozium davam edirbackend

AMEA-nın Tarix İnstitutu, Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırma Mərkəzinin Ağdam İcra Hakimiyyəti ilə birgə təşkilatçılığı ilə Azərbaycanın Ermənistan üzərində zəfəri və dövlət müstəqilliyinin bərpası ilə əlaqədar olaraq “Müstəqilliyinin 30 ilində Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər” mövzusunda beynəlxalq simpozium davam edir.
Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, simpoziumun ikinci günü Ağdamda Heydər Əliyev Mərkəzində keçirilib.
Tədbirdən əvvəl simpozium iştirakçıları Ağdamda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyublar, xatirəsini ehtiramla yad ediblər.
Simpoziumun birinci panelində iştirakçılar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsindən bəhs edilib. Tədbir zamanı Azərbaycan-Türkiyə qardaşlığından da söz açılıb. Bildirilib ki, əzəldən olduğu kimi, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsi zamanı da qardaş ölkənin dəstəyini hiss edib. Bundan başqa, Azərbaycan və Türkiyə prezidentlərinin birgə imzaladığı Şuşa Bəyannaməsinin vacibliyindən də söz açılıb. Bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir.
Simpoziumun ikinci və üçüncü panelində Azərbaycan və Türkiyə tarixçiləri çıxış ediblər. Tədbirin sonunda Ağdam Musiqi Kollecinin tələbələrinin iştirakı ilə konsert proqramı təşkil olunub.
Qeyd edək ki, simpoziumda Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırma Mərkəzinin rəhbərləri də daxil olmaqla Türkiyə və Azərbaycandan 30-dan çox tarixçi-alim iştirak edir.