“Müvafiq sahə üzrə təhsil almış bütün məzunların gələcəyin peşəkar mütəxəssisi olacaq deyə zəmanət yoxdur” – Rəşad Bayramovbackend

“Bir neçə gün öncə Bakıda yerləşən reabilitasiya mərkəzlərindən birində uşaqlara qarşı edilən işgəncə faktının üzə çıxması cəmiyyətdə bəzi məsələlərdə həm fikir ayrılıqlarına, həm də haqlı narazıqlara gətirib çıxardı. Bu hadisədən məlumatlı olan şəxslərin qeyri-ixtiyari olaraq digər müəssisələrdə də anoloji hadisələrin baş verdiyini düşünməmələri istisna deyil. Necə deyərlər qurunun oduna yaş da yanır”.

Bu barədə Sonxeber.az-a olan açıqlamasında “Loqos” Psixoloji və Nitq Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rəşad Bayramov deyib.

O bildirib ki, son zamanlar bu sahədə fəaliyyət göstərən şirkət və müəssisələrin sayı durmadan artır, bazar tələbatına uyğun olaraq təkliflər də çoxalır. Amma ortaya belə bir sual çıxır.

Bütün müəssisələr keyfiyyətli xidmət təklif edə bilirlərmi?

“Bugün bir çox psixoloji müəssisələr başqalarına nisbətən daha aşağı qiymət təklif etməklə özlərinə yeni pasiyentlər cəlb edirlər. Təbii ki, maddi durumu yaxşı olmayan, lakin övladının sağlamlığını düşünən valideynlər məcburən keyfiyyətini nəzərə almadan məhz həmin mərkəzlərə müraciət edirlər. Bəlli bir zaman keçdikdən sonra özləri də heç bir effektiv almadıqlarını görür, həm vaxtlarının, həm də pullarının bugünə qədər hədər getdiyini qəbul edirlər.
Unutmaq olmaz ki, ölkəmizdə fəaliyyət göstərən bir sıra psixoloji və reabilitasiyaları mərkəzləri vardır ki, onlar cəmiyyətdə peşəkar xidmətləri ilə seçilir və sevilirlər. Bu zaman ortaya digər bir sual çıxır. Necə ola bilir ki, bu mərkəzlər uğurlu ola bilirlər? Bu sualın cavabı bir neçə məqamla əlaqədardır. Əvvəla həmin müəssisəyə rəhbərlik edən şəxsin peşəkar idarəçi, mütəxəssis olması. Təbii ki, peşəkar idarəçi olan rəhbər öz mərkəzində peşəkar, bilik və bacaraqlara malik olan mütəxəssislərlə çalışacaqdır. O zaman onlara müraciət edən vətəndaşlar da razı olacaqdır.
Bunu da unutmaq olmaz ki, müvafiq sahə üzrə təhsil almış bütün məzunların gələcəyin peşəkar mütəxəssisi olacaq deyə zəmanət yoxdur. Əlavə olaraq, qeyd olunan sahə xüsusi diqqət və həssas təbəqə olduğu üçün, həmin şəxslərlə çalışacaq mütəxəssislər seçilərkən təkcə biliklərinə deyil, onların psixoloji durumunun hansı vəziyyətdə olmasına, gərginliyə dözümlülüyünə də diqqət edilməlidir.
Yenidən qayıtsaq məlum məsələyə görərik ki, uşağa qarşı zorakılıq edən həmin mütəxəssis və digər əməkdaşlar psixoloji dözümsüzlük göstərib və onlardan biri bunu təsir vəziyyətində törətdiyini bildirib.
Məhz bu xoşagəlməz hadisələrin azalması və qarşısının alınması üçün vahid qərarlar və xüsusi nəzarət formasının işlədilməsi artıq vacib məqama çevrilib. Bugün bu tipli müəssisələrin durmadan artması bazar rəqabətinə uyğun olsa da, narazılıqların da artmasına gətirib çıxarır. Düşünürəm ki, qəbul ediləcək müvafiq qərarlar və fəaliyyət mexanizmləri cəmiyyətdə qarşılaşdığımız xoşagəlməz halların da azalmasına gətirib çıxaracaqdır”.

AYSEL QULİYEVA