Muxtar Nağıyev: “Azərbaycan enerji sahəsində etibarlı tərəfdaş rolunu oynayır”backend

Prezident İlham Əliyevin fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısındakı çıxışı Azərbaycanın nəinki enerji təhlükəsizliyi məsələsində, həm də bütün istiqamətlərdə etibarlı tərəfdaş olduğunu göstərdi. Bunun nəticəsi idi ki, sonuncu iclasda keçən illə müqayisədə daha çox sayda ölkə və şirkətlərin nümayəndələri iştirak etdirdi. 44 günlük Vətən müharibəsindəki qələbə nəticəsində nüfuzu artmaqda olan Azərbaycan, həm də yaxşı tərəfdaş kimi özünü sübuta yetirib.
Qlobal güclərin dünyada qütbləşmə yaratdığı bir zamanda enerji məsələləri Avropa üçün həyati əhəmiyyət kəsb edir. Ukrayna böhranı hələ də davam etdiyi üçün Azərbaycan təbii qazının Avropa bazarlarındakı əhəmiyyəti artmaqdadır. Bunun siyasi və iqtisadi tərəfləri də vardır. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, hazırda qaz bazarındakı vəziyyət sabit deyil, həmçinin qiymətlər dəyişkəndir. Avropa da bunu çox gözəl anladığı üçün Azərbaycanı ən yaxşı tərəfdaşlardan biri kimi görür. Bu məsələnin siyasi tərəfində gəldikdə isə qeyd edə bilərik ki, Azərbaycan enerji əməkdaşlığında səmimi, açıq və vicdanlı hərəkət edərək, heç bir siyasi maraq güdmür. Ölkəmizin siyasət xətti sülh, dostluq, əməkdaşlıq istiqamətlərinə, həmçinin qarşılıqlı olaraq dövlətlərin ərazi bütövlüyünü tanınmağa söykənir.
Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına qaz ixracını artıra bilib. Belə ki, keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib. Bunun 8,5 milyard kubmetri Türkiyəyə, təxminən 7 milyard kubmetri İtaliyaya, yerdə qalanı isə Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Bu il də enerji layihələri üçün Azərbaycana müxtəlif ölkələrdən yeni təkliflər gəlib. Bu da onu göstərir ki, dünya enerji bazarlarında Azərbaycan qazına tələbat artmaqdadır. Dəyişməkdə olan dünya nizamında Azərbaycan bütün çağırışlara cavab verə bilər. Eyni zamanda, ölkəmiz təklif olunan enerji təminatı, təhlükəsizliyi məsələlərini də dinləməyə və icra etməyə qadirdir. Bunu vacib edən səbəb isə Azərbaycanın hər zaman beynəlxalq bazarlarda enerji resurslarının etibarlı təchizatçısı olmağıdır. Azərbaycan neft ixracatına 2006-cı ildə başlasa də təchizatda heç bir fasilə olmayıb. Həmçinin Azərbaycan müqavilə şərtlərini pozmayıb, enerji siyasətinin arxasında isə heç bir siyasi gündəm dayanmayıb. Bu qarşılıqlı iqtisadi əməkdaşlıq müstəvisində çox önəmli davranış göstəricisidir.
Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz tədarükünün artırılması istiqamətində önəmli layihələr icra edib. Bunlardan ən effektivi “Şahdəniz” qaz yatağı layihəsidir. Belə ki, Şahdəniz layihəsi bu vaxtadək Cənub Qaz Dəhlizinə töhfə verən yeganə yataqdır. Lakin Abşeron, Babək, Ümid və digər layihələr üzərində də işlər davam etdirilir. Bundan əlavə, neft-qaz yataqlarımızdan biri olan “Azəri-Çıraq-Günəşli”dən də böyük gözləntilərimiz var. Amma Azərbaycan təkcə neft və qaz ixracında deyil, eyni zamanda, sənaye sahəsində də gəlirlərini artırır. Buna görədir ki, ötən il ölkəmizdə qeyri-enerji sənayesində rekord artım göstəriciləri qeydə alınıb. Lakin Azərbaycan bununla kifayətlənməyəcəkdir.
İşğaldan azad olunan ərazilərimizdə bərpaolunan enerji mənbələrinin potensialının beynəlxalq qiymətləndirilməsi aparılıb. Nəticə isə ümidverici qiymətləndirilir. Belə ki, BP Qarabağ və Şərqi Zəngəzur torpaqlarında, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir. Qeyd edək ki, ölkəmiz orada 200 meqavatdan çox gücə malik bərpaolunan enerji mənbəyinin tikintisi ilə bağlı BP ilə danışıqlar aparılmasını planlaşdırır.
Qlobal arenalarda etibarlı tərəfdaşa çevrilən Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir. Belə ki , Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində Azərbaycan dünyada ikinci yerdədir. Əlbəttə dövlətimiz bu potensialını daha da artırmağı planlayır. Çünki bu gün Azərbaycan dörd qonşu ölkəyə – Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edir. Bu da böyük miqdarda enerji yükü deməkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji layihələrinin artırılması və təhlükəsizliyin yüksək səviyyədə təmin olunması istiqamətində işlər bundan sonra da sürətlə davam etdiriləcəkdir.

Muxtar Nağıyev
YAP Səbail rayon təşkilatının sədri.