Muxtar Nağıyev: “Qarşımızda duran bütün vəzifələr icra edilib”backend

Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 12-də keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə çox mühüm məqamlara toxundu, vacib mesajlar verdi və qeyd etdi ki, postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, 2022-ci ili də uğurla başa vuracağıq: «Keçən il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur. Müharibədən sonra birinci il olmuşdur. Əlbəttə ki, müharibədən sonrakı dövr üçün keçən ilin çox böyük əhəmiyyəti olmuşdur. Bizim əsas məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır».

Hər bir ölkənin inkişafında, hədəflərə uğurla nail olunmasında əsas amil olan iqtisadi inkişafa nəzər salsaq Azərbaycanın ilin birinci rübündə əldə etdiyi sosial-iqtisadi göstəricilərin qənaətbəxş olduğunu görərik. Bu müddətdə ümumi daxili məhsul 6,8 faiz, qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir. Qeyri-neft sənaye istehsalında artım 18 faizdən çoxdur. Bu rəqəmlər ölkədə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsindən, həmçinin neft-qaz sektorundan asılılığın azaldılmasından xəbər verir.

Dövlət başçısının diqqət yetirdiyi məsələlərdən biri də postmüharibə dövrünün reallıqları, eləcə də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması oldu.

MƏĞLUB TƏRƏF QALİBİN ŞƏRTLƏRİNİ QƏBUL ETMƏK MƏCBURİYYƏTİNDƏDİR

Azərbaycan Prezidentinin sülh sazişinin bağlanması üçün irəli sürdüyü təkliflər hər iki xalqın istəklərini əks etdirir. Aprelin 12-də cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki çıxışında Prezident İlham Əliyev son aylarda Ermənistanla aparılan danışıqları, sülh sazişinin bağlanması ilə bağlı məsələləri, Avropa İttifaqının təşkilatçılığı ilə keçirilən üçtərəfli görüşləri dəyərləndirərək bir daha reallığı, əsl həqiqəti bəyan etdi: «Postmünaqişə dövründə dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər… Eyni zamanda Avropa İttifaqı ilə bizim təmaslarımız müharibədən sonra daha intensiv xarakter almışdır. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir”.

Dövlət başçısı birmənalı olaraq ictimaiyyətin diqqətinə çatdırdı ki, məğlub ölkə qalib Azərbaycanın irəli sürdüyü istənilən təkliflə hesablaşmağa məhkumdur. Çünki Ermənistanın düşdüyü acınacaqlı durumdan, daxili xaosdan qurtuluş yolu yalnız Azərbaycanla münasibətləri normallaşdırmaqdan keçir. Təsadüfi deyil ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında keçirilmiş üçtərəfli görüşlərin nəticəsi olaraq imzalanmış yekun bəyanatda “Dağlıq Qarabağ” ifadəsi də yer almayıb. Təbii ki, bu da Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin daha bir nəticəsidir. Hazırda Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə bu məsələlər müzakirə edilib. Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif verib. Ermənistan tərəfi də bu təklifə müsbət yanaşıb. Prezident bu məsələyə konkret toxunaraq bir daha təsdiqlədi ki, Ermənistan qalib ölkə ilə hesablaşır: “Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da, yəni aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Yəni əgər bu 5 prinsipi qəbul edirsə, – bu, aprel görüşündə təsdiqləndi, – bu məsələlər bu 5 prinsipin tərkib hissəsidir. Bu, çox müsbət haldır və hesab edirəm ki, ikitərəfli əlaqələrin normallaşdırılması üçün əsas şərtdir”.

GÜCLÜ DÖVLƏT OLAN AZƏRBAYCAN BÖYÜK QAYIDIŞI YÜKSƏK SƏVİYYƏDƏ TƏMİN ETMƏK ƏZMİNDƏDİR

Hazırda Azərbaycan dövləti üçün ən prioritet məsələ işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın qısa müddətdə yüksək səviyyədə təmin edilməsidir. Güclü dövlət olan Azərbaycan Böyük Qayıdışı yüksək səviyyədə təmin etmək əzmindədir. Hazırda işğaldan azad olunan ərazilərdə görülən işlər bu gücü bir daha göstərir.

Prezident İlham Əliyev müşavirədə çıxışı zamanı qeyd etdiyi kimi, «Azərbaycan öz gücü ilə hər şeyi bərpa edəcək və Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracaq. Belə olduqda beynəlxalq birliyin bu regiona baxışı tamam dəyişəcək. Bu da gələcəkdə Qarabağ regionunda beynəlxalq ictimai-siyasi, mədəni-kütləvi tədbirlərin keçirilməsinə rəvac verəcək».

Dövlət başçısı İlham Əliyev müşavirədəki yekun nitqində qarşıdakı bir-iki il üçün bu torpaqlarda görüləcək işlərin miqyasını açıqladı. Bu işlər nəqliyyat infrastrukturunun yenilənməsi, bərpası, qaz, enerji xətlərinin çəkilişi, şəhərlərin baş planlarının hazırlanması, ərazilərin minalardan təmizlənməsi və Böyük Qayıdışın tezliklə reallığa çevrilməsidir.

Bir sözlə, hər zaman verilən vədin, irəli sürülən təşəbbüslərin gerçəkliyə çevrildiyinin şahidi olan xalqımız işğaldan azad edilmiş ərazilərimizlə bağlı bütün planların real həyatda öz əksini tapacağına və vahid Azərbaycan dövlətinin bundan sonra da uğurla, inamla inkişaf edəcəyinə əmindir.

Muxtar Nağıyev,

YAP Səbail rayon təşkilatının sədri