Natamam təhsil və erkən nikah sonu olmayan faciədir…backend

Övladlarına təhsil deyil, ailə qurmağı təlqin   edən valdeyn  gələcəyə sağlam olmayan, sonu bilinməyən bir nəsil ötürür. Hazırda erkən nikaha cəlb olunanları əsasən qızlar əhatə edir. Təəssüf ki, bu hal azalmağa doğru yox,   artmağa  doğru  gedir.  Bəzi valideynlər qızlarını zorla ərə verməklə onları  sosial hüquqlarından  məhrum  edirlər. Qızların 5,6 və 7-ci sinifdən  məktəbdən çıxarılması və 12,13, 14 yaşlarında nişanlanması, 14-15 yaşdan etibarən ərə verilməsi bəzi bölgələrdə yerli ənənə halına çevrilib.  Hələ yetkinlik yaşına çatmayan qızlar dini kəbin kəsilməklə ərə verilir və rəsmi nikahdan kənarda qalırlar.

Bu mövzuda suallarımıza cavab tapmaq üçün   psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva ilə həmsöhbət olduq.

-Təranə xanım, erkən və qeyri-rəsmi nikaha cəlb edilən azyaşlılarda hansı travmalar yaranır?

-Erkən və qeyri-rəsmi nikahlar mövzusu günümüz üçün aktual olmaqla yanaşı qəzet səhifələrinə, hətta qalın-qalın kitablara sığmayacaq qədər geniş və əhatəlidir. İlkin olaraq bu anlayışlara qısa da olaraq nəzər yetirək. Erkən nikah – ailə anlayışı və həyatı hələ kifayət qədər dərk etməmiş, psixoloji cəhətdən ailə quracaq qədər formalaşmamış yeniyetmələrlə bağlanan nikahdır. Qeyri-rəsmi nikah – qanunvericiliklə müəyyən edilmiş nikah qayda-qanunlarından kənarda bağlanan nikahdır. Müəyyən istisnaları nəzərə almasaq, bu tip niahlar əksər hallarda, xüsusən də, yaşadığımız regionda valideynlərin təkidi ilə formalaşır. Təbii ki, burada təkcə valideynin deyil,  qohumların, dostların, bir sözlə sosial çevrənin də rolu böyükdür. Erkən nikah faciədir, erkən nikah acı sonluqdur. Hələ bu nikahlardan dünyaya gələn uşaqlar hansı travmaları yaşayır, bu da məsələnin ciddi sual doğuran başqa bir tərəfidir. Yəni, ailə həyatına həm maddi, həm də mənəvi-psixoloji hazırlıq olmadan uğurlu nikahdan danışmaq doğru olmaz.

Erkən və qeyri-rəsmi nikah   ayrı-ayrı anlayışlar olsa da, onları ümumiləşdirən bir sıra oxşar cəhətlər də vardır. Aparılan araşdırma və statistik göstəricilər də bir daha sübut edir ki, xüsusilə hər iki nikah növü ilə bağlı hadisələrlə paytaxtla müqayisədə regionlarda daha çox qarşılaşılır. Erkən nikahlar qanunvericiliklə yolverilməz olduğu üçün azyaşlı qızlar məhz qeyri-rəsmi nikahlara məcbur edilir.

-Qeyri-rəsmi münasibətdən doğulan uşaqların dövlət tərəfindən himayəyə götürülməsi onlara necə təsir göstərir?

-Erkən nikahın yol açdığı fəsadları psixoloji aspektdən dəyərləndirərkən, bir çox halları nəzərə almaq lazımdır. Bu hallardan ən çox təsadüf edilənlər obsessiv-kompulsiv pozuntu əlamətləri, depressiya, təşviş pozuntuları və buna paralel baş verən panik ataklardır. Bəzən nikah zamanı tərəflərin bir-birlərini tanımağa kifayət qədər vaxtı olmur. Ailə üzvləri tərəflərə bir-birlərini kifayət qədər tanımağa şərait yaratmırlar. Bu da öz növbəsində gələcəkdə tərəflər arasında ünsiyyət azlığı, ailədaxili rolların düzgün mənimsənilməməsi, yeni mühitə adaptasiya ola bilməmək, konfliktli situasiyaların yaranması, şiddət dolayı və ya birbaşa yönəlmiş verbal aqressiya və s. kimi neqativ hallara yol açır. Nəticə etibarı ilə tərəflərdən biri, bəzən isə hər ikisində depressiv əlamətlər təzahür edir.
Erkən nikah zamanı müəyyən problemlərin vaxtaşırı müzakirə olunmaması və aqressiyanın daxildə toplanması tərəflərdə şüuraltı olaraq neqativ düşüncələrin toplanmasına səbəb olur. Uzun müddət bəhsi gedən neqativ düşüncələr şüur altında toplanır və nəticədə panik ataklar formasında  özünü büruzə verir.

Son zamanlar erkən və qeyri-rəsmi nikaha qanunsuz şəkildə daxil olmalarla bağlı xüsusilə sosial şəbəkələr və mediada belə xoş olmayan hadisələrə kəskin qınaq nümayiş etdirilir, aidiyyatı qurumlar tərəfindən müəyyən təxirəsalınmaz tədbirlər görülür və neqativ halların qarşısı alınır. Erkən nikaha məcbur edilən uşaq və yeniyetmələr, qeyri-rəsmi nikah bağlayan qadınlar, onların övladları dövlət tərəfindən diqqətdə saxlanılır, lazımi dəstək göstərilir, ehtiyac olarsa himayəyə götürülürlər. Təbii ki, həmin insanlar öz yaxınlarının yanında olduğu kimi rahat hiss etməsələr də, dövlət tərəfindən himayə olunmaqları davamlı şiddət və qayğısızlıq görən həmin şəxslərdə özlərini daha təhlükəsiz hiss etmələri, özgüvənlərini bərpa etmək, cəmiyyətə yenidən inteqrasiya olunmaq istiqamətində mühüm təsirini göstərir.

-Erkən və qeyri-rəsmi nikaha tabe edilən azyaşlılar psixoloji dəstəklə yenidən cəmiyyətə qaytarıla bilərmi?

-Həm erkən nikaha, həm də qeyri-rəsmi nikaha məcbur edilən azyaşlıların hansı formada psixoloji travmalar yaşadıqlarını qeyd etdik. Təbii ki, bu insanların cəmiyyətə yenidən qaytarmaq istiqamətində də bir sıra tədbirlərin həyata keçirilməsi mütləqdir. Bunu da bildiriməliyik ki, çox qısa zamanda onları tam olaraq cəmiyyətə adaptasiya etmək mümkün olmayacaq, lakin planlı və mərhələli şəkildə sahənin mütəxəssisləri tərəfindən psixoloji dəstək göstərilməsi ilə effektiv nəticələr əldə etmək olar. Mütəmadi seanslar, maarifləndirmə görüşləri, öz ayaqları üstə durmaq üçün onların bilik və bacarıqlarının artırılması istiqamətində görüləcək tədbirlər vasitəsilə onları cəmiyyətə qazandıra bilərik.

Son illərdə bu istiqamətdə aidiyyatı qurumlar, hüquq-mühafizə orqanları, təşkilatların fəaliyyətini xüsusilə qeyd etməliyəm. Əvvəlki dövrlərlə müqayisədə neqativ hallarla qarşılaşdıqda operativ tədbirlər görülür. O cümlədən, mütəmadi  olaraq paytaxt və bölgələrdə erkən və qeyri-rəsmi nikahların qarşısının alınması, onun fəsadları barədə layihələr həyata keçirilir, görüşlər təşkil olunur. Təbii ki, bununla kifayətlənmək olmaz. Cəmiyyətin üzvləri kimi hər birimiz də bu məsələdə diqqətli olmalıyıq.

Xüsusilə qeyri-rəsmi nikaha  girən   xanımlar  son dərəcədə diqqətli olmalıdırlar. Unutmamalıdırlar ki, rəsmi nikah bağlamayan bütün cütlüklərin hər zaman xoşbəxt olması mümkünsüzdür.

-Bu hallara məruz qalan qadınlara nəyi  tövsiyə edərdiniz?

-Məhz rəsmi nikahın olmamasından, yaranan münaqişələrdən istifadə edən tərəflərdən biri digərindən rahatlıqla ayrıla bilir. Gündəlik təcrübələr göstərir ki, bundan ən çox əziyyət çəkən tərəf məhz qadınlar olur. Əgər qeyri-rəsmi nikahdan cütlüklərin övladları olarsa, bu daha böyük fəsadlarla nəticələnə bilir. Rəsmi nikah olmaması səbəbindən övlada atalıq soyadı verilmir, tərəflər ayrıldıqda isə qanunvericiliklə müəyyən edilən aliment və digər tədbirlər həyata keçirilə bilmir. Bu həm qadının, həm də övladının həyatına birbaşa təsir edir.

Qeyd etdiyim səbəblərdən dolayı bu cür hallarla qarşılaşmamaq üçün qanunvericiliklə müəyyən edilmiş qaydada nikaha daxil olmaqlarını, erkən nikahlara təşviq ediləcəkləri halda mübarizə aparmaqlarını, ehtiyac olarsa aidiyatı qurumlardan dəstək almaqlarını tövsiyə edirəm.

Mehriban Xəlilli

Olaylar.az