Naxçıvanda hasarın uçması nəticəsində gənc oğlan həyatını itirdibackend

Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində bir nəfər dağıntı altında qalıb.

İctimai.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, Naxçıvan-Culfa magistral avtomobil yolunun yaxınlığındakı yarımtikilinin divarının bir hissəsinin uçması nəticəsində vətəndaş dağıntı altında qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində dağıntı altında qalmış 2000-ci il təvəllüdlü Qurban Cəfər oğlu Vəliyevin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.