Nazirdən səkkiz saatlıq iş rejimi ilə bağlı açıqlamabackend

Səkkiz saatlıq iş rejiminə riayət edilməsi üçün yaradılan monitorinq qrupu iki istiqamət üzrə işləyəcək.

İctimai.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazir Sahil Babayev Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 6 fevral 2020-ci il tarixli sərəncamına həsr olunmuş mətbuat konfransında bildirib.

Nazir deyib ki, ilkin olaraq bu sahədə olan şikayətlərin, müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, işə götürənlərin məlumatlandırılması, müvafiq xəbərdarlıqların edilməsi istiqamətində iş aparılacaq:

“İkinci mərhələdə iş yerlərində müvafiq səyyar yoxlamalar mərhələsi olacaq. Hazırda təkliflər hazırlanır, hökumətə təklif ediləcək və müvafiq qərardan sonra təmin ediləcək.

Araşdırmalarımız, monitorinqimizin biznes mühitinə mənfi təsir göstərməməsinə çalışırıq. Ona görə də ilk mərhələdə xərəbdarlığın edilməsi, işçiyə və işəgötürənə hüquq və vəzifələrinin izah edilməsi olacaq”.

Sahil Babayev qeyd edib ki, xəbərdarlıqdan sonra işəgötürən tələblərə riayət etməsə, müvafiq inzibati cərimə mexanizmi tətbiq ediləcək:

“Şikayətlərin dinamikasına uyğun olaraq hansısa sektorlar üzrə monitorinqlərdə daha çox fokuslaşma ola bilər”.

İctimai.az