Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Şorkənd kəndinin sakinləri ilə səyyar görüş keçirib.
İctimai.az xəbər verir ki, vətəndaş qəbulunda RİH-nin məsul şəxsləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu birdəqiqəlik sükutla yad edilib.
Cəngan kənd ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Şorkənd kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.
M.Seyidov çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyev xalqın təkidi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra digər sahələrdə olduğu kimi təhsil sahəsinə də xüsusi diqqət və qayğı göstərib: “Onun təşəbbüsü ilə yüzlərlə gənc xarici ali təhsil müəssisələrinə göndərilərək ölkəmiz üçün yüksəkixtisaslı kadrlar hazırlanıb. Ulu Öndər tərəfindən əsası qoyulan və strateji istiqamət kimi müəyyənləşdirilən təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin davamlılığının bariz nümunələrindən biri də Heydər Əliyev Fondunun təhsil sahəsində həyata keçirdiyi genişmiqyaslı layihələrdir”.
RİH başçısı vurğulayıb ki, Heydər Əliyev Fondu ölkəmizdə təhsilin inkişafına xüsusi önəm verən, bu istiqamətdə sistemli və məqsədyönlü fəaliyyət göstərən nüfuzlu qurumlardan biridir: “Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələr birbaşa təhsilin keyfiyyətinin yüksəldilməsinə, maddi-texniki bazanın gücləndirilməsinə, eləcə də təhsil alanların daha əlverişli şəraitdə tədrisə cəlb olunmasına xidmət edir. Heydər Əliyev Fondunun dəstəyi ilə Neftçala rayonunda yerləşən Xıllı qəsəbə 1 saylı və Bankə qəsəbə 2 saylı məktəbləri yenidən inşa edilib”.
Səyyar qəbul zamanı vətəndaşlar Şorkənd və Bala Surra kəndlərinin mavi yanacaqla, Şorkənd məktəbinin digər korpuslarının istilik sistemi ilə təmin olunması, Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun təmiri, ev sənədləşməsi və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.



