Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı, Neftçala rayon İcra Hakimiyyətinin dəstəyi ilə Neftçaladakı Olimpiya Kompleksində gənclər üçün tədbir keçirilib.
İctimai.az xəbər verir ki, “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda keçirilən görüşdə Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Vətən müharibəsi iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəblilər və digər nümayəndələr iştirak ediblər.
Tədbirdə çıxış edən SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov müharibə zamanı gənclərin vətənpərvərliyindən danışıb, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb. Həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Qeyd edək ki, analoji tədbirlər cari ildə ölkənin bir sıra rayonlarında təşkil edilib və növbəti aylar ərzində davam etdirilməsi nəzərdə tutulur.