Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Dördlər və Ballıcallı kəndlərinin sakinləri ilə səyyar görüş keçirib.
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Dördlər və Ballıcallı kəndləri haqqında görüş iştirakçılarına geniş məlumat verib.
Çıxışçılar “Azərbaycanın dövlət müstəqilliyi və suverenliyi xalqımızın ən dəyərli nailiyyətidir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər.
Bildirilib ki, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyi xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir. Bu, azadlıq və milli iradənin təcəssümüdür. Müstəqilliyimiz Azərbaycanın siyasi, iqtisadi və mədəni inkişafının əsasıdır, onu qorumaq hər bir vətəndaşın müqəddəs borcu olması haqqında tədbir iştirakçılarına geniş məlumat verilib.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və suverenliyi xalqımızın əsrlər boyu arzuladığı, ən ali və müqəddəs nailiyyətlərindən biridir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti tərəfindən “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul olunması ilə ölkəmiz tarixinin yeni mərhələsinə qədəm qoydu. Lakin bu müstəqilliyin möhkəmləndirilməsi və qorunub saxlanılması asan başa gəlmədi. Müstəqilliyimizin ilk illərində ölkədə yaşanan siyasi böhran, sosial və iqtisadi tənəzzül, torpaqlarımızın işğala məruz qalması xalqımız üçün son dərəcə ağır sınaq oldu.
Məhz belə bir həssas məqamda xalqın təkidli ilə Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdı və Azərbaycan dövlətçiliyinin xilası, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi üçün mühüm tarixi addımlar atdı. Ulu Öndər Heydər Əliyevin uzaqgörən və qətiyyətli rəhbərliyi ilə ölkədə sabitlik bərpa olundu, hüquqi dövlət quruculuğu istiqamətində əsaslı islahatlara start verildi, milli maraqlara əsaslanan xarici siyasət formalaşdırıldı. Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındı və milli maraqlarını uğurla müdafiə edən müstəqil dövlətə çevrildi.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan siyasi kursu uğurla davam etdirərək dövlət müstəqilliyimizi daha da möhkəmləndirib, ölkəmizin suverenliyini tam təmin edib. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionda söz sahibi olan qüdrətli dövlətə çevrilib, xalqın rifahı yüksəlib, ərazi bütövlüyümüz tam təmin olunub.
2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa edib. 2023-cü ilin sentyabrında aparılan lokal antiterror tədbirləri nəticəsində isə Azərbaycan dövlətinin suveren hakimiyyəti ölkənin bütün ərazisində bərqərar olunub.
Bu gün biz fəxrlə qeyd edirik ki, dövlət müstəqilliyimiz dönməz və əbədidir. Azərbaycan xalqı öz dövlətinə, Prezidentinə və Ordusuna inanır, güvənir. Qarşıda duran məqsəd və vəzifə isə müstəqil, suveren, güclü Azərbaycanı daha da inkişaf etdirmək, gələcək nəsillərə daha qüdrətli dövlət miras qoymaqdır.
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar, elektrik təsərrüfatının yenilənməsi, futbol stadionunun bərpasına köməklik, kənddaxili yolların təmiri və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.