“Neftçi” klubunun rəhbərliyi Ervin Koffini ağır cəzalandırıbbackend

“Neftçi” klubunun rəhbərliyi fransalı legioner Ervin Koffini azarkeşlərə qarşı etdiyi hərəkətə görə ağır cəzalandırıb.

İctimai.az xəbər verir ki, fransalı müdafiəçinin məvacibinin mühüm hissəsi kəsilib.

Buna səbəb isə Premyer Liqanın II turunda “Səbail”lə keçirilən matçdan (1:1) sonra yaşanmış hadisədir.

Belə ki, Bayıldakı qarşılaşmanın ardından “Neftçi” azarkeşləri ilə oyunçuları arasında qalmaqal yaranıb. Fanatlar futbolçuları tənqid etmək üçün tribunaya çağırıblar. Kapitan Emin Mahmudova şikayətlərini dedikləri zaman Ervin Koffi tribunadan uzaqlaşmaq istəyib. Azarkeşlər isə ondan geri qayıtmasını tələb ediblər. Əsəbiləşən müdafiəçi qarşı tərəfə istiqamətlənən su butulkası tullayıb.

Bundan sonra ara qarışıb. Fanatlardan biri meydana daxil olsa da, polis və təhlükəsizlik xidmətinin əməkdaşları müdaxilə edərək, hadisənin böyüməsinin qarşısını alıblar.