Ötən ilin dekabrında vəzifəsindən uzaqlaşdırılan Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Elxan İbrahimovu kimin əvəz etdiyi məlum olub.
Oxu.Az Teleqraf.az-a istinadla xəbər verir ki, icra başçısının səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Gülarə Verdiyevaya tapşırılıb.
Qeyd edək ki, Gülarə Verdiyeva Nəsimi RİH-dən öncə Bakının Nəsimi rayonu ərazisində fərqli dönəmlərdə iki məktəbin direktoru olub.
2013-cü ildə Nəsimi RİH-də humanitar məsələlər üzrə müavin təyin edilib. 2017-ci ildə isə fəaliyyətinə birinci müavin olaraq davam edib.
Gülarə Verdiyeva 2010-cu ildə parlament seçkisində deputatlığa namizəd olsa da, qalib gələ bilməmişdi.
Onu da əlavə edək ki, hazırda Nəsimi RİH-də rəhbər şəxs vəzifəsində cəmi iki nəfər qalıb. Bunlardan biri Gülarə Verdiyevadır, digəri isə müavin Zahid Xəlilov. Hazırda icra başçısı da daxil olmaqla, daha bir müavin postu, sektor müdiri – baş mühasib və başçısının köməkçisi vəzifələri vakantdır. İcranın digər müavini Ramiz Quliyevi isə Elxan İbrahimov vəzifəyə gələr-gəlməz işdən çıxarmışdı.
Xatırladaq ki, Elxan İbrahimov noyabrın 12-də Nəsiminin icra başçısı təyin edilsə də, işində yol verdiyi nöqsanlara görə növbəti ay vəzifəsindən azad olunmuşdu.















