Niyazi Bayramov modul tipli xəstəxananın inşa edildiyi ərazidə olub – Fotolarbackend

Ölkədə koronavirus pandemiyasına qarşı mübarizənin daha da gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq modul tipli xəstəxanaların tikintisinə başlanılıb. Bu xəstəxanalardan biri də Gəncədə inşa edilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov modul tipli xəstəxananın inşa edildiyi ərazidə olub, işlərin gedişatı ilə maraqlanıb.

İctimai.az xəbər verir ki, Gəncə şəhər Yolxucu Xəstəliklər xəstəxanasının yaxınlığında inşa edilən modul tipli xəstəxana 2700kv/metr ərazidə qurulur. 3 korpusdan ibarət olacaq xəstəxanada, hər biri iki çarpayılıq 100 palata nəzərdə tutulub. Bu da infeksiyaya yoluxmuş 200 nəfər şəxsə eyni vaxtda tibbi yardım göstərmək imkanı yaradacaq.

Niyazi Bayramova məlumat verilib ki, 3 bölmənin hər birində uzunluğu 100, eni 10 metr olan beton örtüyün döşənməsi işləri yekunlaşdırılıb. Artıq, daşınan konstruksiyalarla xəstəxananın qurulmasına başlanılıb. Tikinti işləri ilə yanaşı əraziyə su, təbii qaz və elektrik enerjisi xəttinin çəkilməsinə də aparılır.

Koronavirus pandemiyasına yoluxmuş şəxslərin effektiv müalicəsinin təmin edilməsi məqsədilə inşa edilən modul tipli xəstəxanada işlərin 45 günə tam başa çatdırılması nəzərdə tutulur.
İşlərin gedişatı ilə yaxından tanış olan şəhər rəhbəri, tikinti-quraşdırma prossesinin sürətləndirilməsi istiqamətində öz tapşıq və tövsiyyələrini verib.

Xatırladaq ki, “Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” dövlət başçısının imzaladığı sərəncamına əsasən, ölkə ərazisində bir neçə modul tipli xəstəxananın tikintisinə başlanılıb.

İctimai.az