Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı başa çatdıbackend

Nüfuz alverində təqsirləndirilən Vəkillər Kollegiyasının üzvü Babək Vahid oğlu Rzayevin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilərək hakim Gülnar Səfərəliyevanın icraatına verilib.

Qeyd edək ki, onun barəsində bu ilin sentyabr ayında cinayət işi açılıb. İstintaq materiallarına görə, Babək Rzayev Naxçıvan Muxtar Respublikası ərazisində müvafiq məhkəmənin icraatında olan cinayət işi üzrə özünün təsir imkanlarından istifadə edərək müvafiq vəzifəli şəxsin qərarına təsir etmək imkanına malik olmasını vətəndaşlara bildirib.

O, 2024-cü ilin iyun ayı ərzində müxtəlif məbləğlərdə müqavilədənkənar pulu tələb edərək almaqda təqsirləndirilib.

Babək Rzayevə qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində həbs qətimkan tədbiri seçilib.